Azərbaycan ilə Ukrayna Milli Olimpiya komitələri arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Mayın 5-də Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) ilə Ukrayna Milli Olimpiya Komitəsi (UMOK) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləni Azərbaycan tərəfdən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Ukrayna tərəfindən isə Sergey Bubka imzalayıblar.

2017-2021-ci illəri əhatə edəcək müqavilə qarşılıqlı maraq doğuran sahələrdə idmanın inkişafına dair strategiyaları özündə əks etdirəcək. Həmçinin müqaviləyə hər iki ölkənin milli komandaları arasında yoldaşlıq yarışlarının keçirilməsi, qarşılıqlı təlim-məşq toplanışlarının təşkil olunması və s. daxildir.

Çingiz Hüseynzadə bildirib ki, müqavilə iki ölkə arasında idman sahəsində əməkdaşlığın inkişafına töhfə verəcək: “Milli Olimpiya komitələri arasında imzalanan bu dostluq memorandumu qurumlar arasındakı sıx əlaqəni və idman sahəsində qarşılıqlı inkişafın göstəricisidir”.

Sergey Bubka isə deyib: “Ölkələrimiz, eləcə də prezidentlərimiz arasında səmimi və dostluq münasibətləri mövcuddur. Ukrayna tərəfi Azərbaycan idmançıları və idmanı ilə təcrübə mübadiləsi aparmağa hazırdır və eyni münasibəti Azərbaycan tərəfdən də görür. Azərbaycanda keçirilən I Avropa Oyunlarını yüksək qiymətləndirirəm. Bu, fantastik uğurdur. İslam Həmrəyliyi Oyunları ərəfəsində sənəd imzalamağımız Avropa Oyunlarından sonra mühüm addımlar atıldığını və ölkədə olimpiya hərəkatının inkişafını göstərir. Hesab edirəm ki, əməkdaşlığımız bundan sonra da möhkəmlənəcək”.

Xəbər 1528 dəfə oxundu.