“Tour d’Azerbaidjan-2017”nin ikinci günündə “Synergy Baku” üçün üç fəxri kürsü
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən “Tour d’Azerbaidjan-2017” beynəlxalq veloturunun ikinci günü Azərbaycanın “Synergy Baku” kontinental komandası üçün uğurlu nəticə ilə yadda qalıb. Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı yarışının 186,5 kilometrlik Bakı-İsmayıllı mərhələsində Azərbaycanın elit yığması və “Synergy Baku” kontinental klubunun üzvü Kiril Pozdnyakov hamını qabaqlamaqla qalibiyyət sevinci yaşayıb.

Məsafəni 4 saat 47 dəqiqə 49 saniyəyə başa vuran velosipedçimiz ən yaxın izləyicisi Ukraynanın “Kolss” komandasının üzvü Oleksandr Polivodanı 38 saniyə qabaqlamaqla solo-finiş edib. İsrailin “Israel Cycling Academy” komandasının üzvü Dennis van Vinden isə liderdən 42 saniyə geri qalmaqla üçüncü yeri tutub. “Synergy Baku”nun digər üzvləri Yosip Rumaç 14-cü, Elçin Əsədov 32-ci, Samir Cəbrayılov 52-ci, Elgün Əlizadə 54-cü, Ənvər Asanov isə 78-ci olublar.

Mərhələ qalibiyyəti Kiril Pozdnyakovu, həmçinin ümumi təsnifatın liderliyinə də yüksəldib və o, mavi rəngli “Synergy” köynəyinə yiyələnib. Bundan başqa, velosipedçimiz aralıq sprintlərində hamıdan çox xal toplamaqla ən yaxşı sprinter üçün nəzərdə tutulan yaşıl rəngli “SOCAR” köynəyinə də sahib çıxıb.

Mərhələnin ən yaxşı dağ velosipedçisinə verilən qırmızı rəngli “AZAL” köynəyi Ukraynanın kontinental “Kolss” komandasının üzvü Vitali Butsda qalıb. Almaniyanın “Team Sauerland NRW p/b Henley & Partners” klubunun üzvü Feliks İntra isə ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli “ATAHOLDİNG” köynəyi ilə mükafatlandırılıb.

Yürüş iştirakçılarına mükafatları Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov və İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov təqdim ediblər.

“Hər şey çox gözəl idi. Sevinirəm ki, qalib gəldim. Son 20 kilometr daha çətin və maraqlı keçdi. Ümumiyyətlə, bu çox vacib mərhələ idi. Ona görə də qalib gəlmək üçün əlimdən gələni etdim. Əvvəlcədən planlaşdırmışdım ki, qrupla birgə hərəkət edim və sona yaxın liderliyi ələ alım. Bundan sonra da taktikamız dəyişməyəcək. Məqsədimiz ümumi yarışda qalib gəlməkdi”, - deyən mərhələ qalibi Kiril Pozdnyakov ən çətin dağ mərhələsi hesab olunan dördüncü yarış günündə də özünü daha şanslı hesab etdiyini vurğulayıb.

Mayın 5-də yarışın üçüncü mərhələsi keçiriləcək. Bu dəfə iştirakçılar Qəbələ-Oğuz-Şəki-Oğuz-Qəbələ marşrutu üzrə 177 kilometr məsafə qət edəcəklər.

“Tour d’Azerbaidjan-2017” yarışında 18 ölkədən 22 komanda mübarizə aparır.

Xəbər 1249 dəfə oxundu.