Pakistanın jurnalında “İslam Həmrəyliyi Oyunları – Bakı 2017” sərlövhəli məqalə dərc edilib
Pakistanın “Pakistan in the World” jurnalı və portalında “İslam Həmrəyliyi Oyunları – Bakı 2017” sərlövhəli məqalə verilib.

Məqalədə IV İslam Həmrəyliyi Oyunları ərəfəsində bu idman bayramının təşkilatçıları ilə “İçərişəhər” Qoruğu İdarəsinin birgə təşkil etdiyi fləşmobla bağlı məlumat verilir. Qeyd edilir ki, 200-ə yaxın könüllünün iştirak etdiyi bu aksiyanın məqsədi Oyunlarla bağlı ictimai ab-havanı gücləndirmək olub. Təşkilatçıların da dediyi kimi, fləşmobun İçərişəhərdə keçirilməsi təsadüf deyil. Bakının məhz bu ecazkar guşəsi Azərbaycanın memarlıq və mədəni incilərindəndir.

Yazıda bildirir ki, Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin və İslam Həmrəyliyi İdman Federasiyasının (İSSF) verdiyi məlumata görə, 12-22 may tarixləri arasında keçiriləcək Oyunlarda Federasiyanın üzvü olan 57 ölkədən idmançılar iştirak edəcəklər.

İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Feysəl Əbdüləziz əl-Nəssar Bakıda keçiriləcək Oyunlar haqqında bunları deyib: “İslam Həmrəyliyi Oyunları birlik və həmrəylik ruhunda keçiriləcək çoxmillətli, multikultural idman oyunlarıdır. Biz inanırıq ki, İslam dünyasının müxtəlif ölkələrindən olan idmançıların bir araya gəlməsi müsəlman ölkələrinin gəncləri arasında dostluq və qarşılıqlı anlaşma mühitinin formalaşmasına öz töhfəsini verəcək”.

Məqalədə qeyd olunur ki, ilk dəfə İslam Həmrəyliyi Oyunları 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilib. Bu il Bakıda keçiriləcək Oyunlar isə artıq sayca dördüncüdür. Bu il baş tutacaq Oyunların əsas dəyərləri isə birlik, sülh, hörmət və mükəmməllikdir.

AZƏRTAC

Xəbər 649 dəfə oxundu.