Yaşar Vahabzadə: Milli komandamızın “Bakı-2017”də keçirəcəyi oyunlara maraq böyükdür
Mayın 1-dən təlim-məşq toplanışına başlasaq da, tam heyətlə məşq etməmişik. Hələlik 16 futbolçu ilə gündə iki dəfə hazırlıq keçirik. Futbolçular yarışın məsuliyyətini dərk edirlər. Ona görə də hər birimiz turnirə ciddi hazırlaşırıq.

Bu sözləri IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Yaşar Vahabzadə mayın 3-də mətbuat konfransında deyib.

Baş məşqçi bildirib: “Mətbuatdan da oxumuşuq ki, milli komandanın oyunlarına maraq böyükdür. Artıq oyunlarımıza bilet qalmayıb. Məqsədimiz yaxşı oynamaq və qrupdan çıxmaqdır. Əsas çətinlik bəzi futbolçularımızın bizimlə birgə olmamasıdır. “Qarabağ” və “Qəbələ”nin futbolçuları ölkə kubokunun final qarşılaşmasından sonra - mayın 6-da komandaya qoşulacaqlar”.

“Bakı-2017”nin futbol yarışında ən güclü komandaların millimizin yer aldığı qrupda qərarlaşdığını vurğulayan Yaşar Vahabzadə bildirib ki, adətən ilk oyunlar çətin keçir. Çünki futbolçularda həyəcan olur. Kamerun yığmasının mayın 5-də “Sumqayıt” komandası ilə yoldaşlıq görüşünü izləyəcəyəm. Səudiyyə Ərəbistanı və Mərakeş yığmalarının oyununu da ilk turda görəcəyik. Ümumiyyətlə, rəqiblərin kimliyindən asılı olmayaraq, bütün qarşılaşmalarda öz bacarığımızı nümayiş etdirməyə çalışacağıq.

Xəbər 596 dəfə oxundu.