“AZAL” peşəkar futbol klubu fəaliyyətini dayandırıb
Mayın 3-də “AZAL” peşəkar futbol klubu fəaliyyətini dayandırması ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir: “Futbola olan dövlət qayğısı, onun maddi-texniki bazasının inkişafı, eləcə də əhalinin sağlam həyat tərzinə marağını yüksəltmək məqsədilə görülmüş tədbirlər nəticəsində idman ictimaiyyəti tərəfindən bu idman növünə maraq artıb, futbol ən kütləvi və çox sevilən idman növünə çevrilib. “AZAL” peşəkar futbol klubu da yarandığı ilk gündən bir amala – Azərbaycan futbolunun inkişafına xidmət edib. Bu məqsədlə klub üçün Şüvəlan qəsəbəsində müasir təlim-məşq bazası və stadion tikilib, komandaya peşəkar məşqçi və texniki heyət cəlb olunub. Buna baxmayaraq, son zamanlar ölkəmizdə futbolun sürətli inkişafı, komandalar arasında rəqabətin güclənməsi, “AZAL” peşəkar futbol klubunda səmərəli idarəetmənin həyata keçirilməsi, o cümlədən kluba əlavə maliyyə mənbəyinin cəlb edilməsi zərurətini ortaya çıxarır”.

Məlumatda bildirilib ki, “AZAL” rəhbərliyi tərəfindən sponsor və tərəfdaşlarla məsləhətləşmələr aparılıb və “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıətrafı qəsəbələr üzrə daha güclü, peşəkar və rəqabət qabiliyyətli klub ilə təmsil olunmaq məqsədilə qısa vaxtda böyük nailiyyətlərə imza atan “Zirə” futbol klubuna dəstək olmaq daha məqsədəuyğundur. “AZAL” peşəkar futbol klubu fəaliyyətini dayandıraraq mövcud maddi-texniki təminatı və infrastrukturu ilə “Zirə” klubuna dəstək olacaq. Bunun əsasında Azərbaycan futbolunun inkişafı, ölkəmizi beynəlxalq turnirlərdə layiqli təmsil etmək naminə yüksək nailiyyətlər əldə ediləcək.

Xəbər 711 dəfə oxundu.