Uesli So: Şəhriyar Məmmədyarov “Shamkir Chess” turnirində qələbəyə layiq idi
Şəhriyar Məmmədyarov “Shamkir Chess 2017” super turnirində qələbəyə layiq idi.

Bunu turnirin iştirakçısı, amerikalı qrossmeyster Uesli So yarışın yekunları ilə bağlı danışarkən deyib.

Vüqar Həşimov memorialında çıxışı barədə danışan ABŞ şahmatçısı bildirib: “Çıxışım haqqında xoş sözlər demək çətindir. Startda Şəhriyara uduzdum. Səhv etdim, rəqib məni bağışlamadı. Beş ballıq sistemlə oyunuma üç yarımlıq qiymət verərdim. Son turlarda qələbə qazanmaq vacib idi. Lakin bacarmadım. Doqquzuncu turda qalib gəlsəydim tay-brek ola bilərdi. Başa düşürdüm ki, Şəhriyarı daha çox heç-heçə qane edir. Bütün fikrimi səkkizinci tura yönəltmişdim. Həmin oyunda Teymur Rəcəbova qalib gəlməyə çalışdım. Ağ fiqurlarla oyunda üstünlük qazanmadım. Rəcəbov çox yaxşı müdafiə olundu. Heç-heçədən sonra birinci yerə şansım azaldı”.

Vüqar Həşimov memorialının yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirən şahmatçı deyib: “Synergy Group” Şəmkirdə bizim üçün doğma mühit yaratdı. Bu yarış sözün əsl mənasında güzəştsiz mübarizə idi. Hamı çempion olmaq istəyirdi. Vüqarına adına layiqli turnirdir. Vüqar Həşimovu çox yaxşı xatırlayıram. Mən şahmata yeni başlayanda o, artıq ulduz idi. Onun karyerası çoxları üçün nümunədir. Maraqlı debütləri olub. Vüqar Həşimov uduzanda belə rəqibinə hörmətlə yanaşırdı”.

Şəhriyar Məmmədyarovu turnirin çempionu olması münasibətilə təbrik edən U.So deyib: “Şəhriyar turnirdə layiqli qələbə qazandı. O, Vladimir Kramnik kimi dünya çempionunu məğlub etdi. Yarışın son turunda atasını gördüm. Şəhriyarın qələbəsi atasını çox sevindirmişdi. Mən də onu təbrik etdim. Atasının sevinci məni bir qədər təsirləndirdi. Bu qələbə münasibətilə Məmmədyarovlar ailəsini təbrik edirəm”.

Xəbər 880 dəfə oxundu.