"Gücümüz həmrəylikdədir" mövzusunda konfrans keçirildi
Mayın 1-də Bakıda IV İslam Həmrəyliyi Oyunları münasibətilə "Gücümüz həmrəylikdədir" mövzusunda konfrans keçirildi.

Konfransda gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Milli Olimpiya Komitəsinin və İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Rauf Əliyev, Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov və idman ictimaiyyətinin digər nümayəndələri iştirak etdilər.

İştirakçılar əvvəlcə İslam Həmrəyliyi Oyunlarından bəhs edən foto sərgi ilə tanış oldular.
Konfransı giriş sözü ilə açan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışdı. Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını diqqətə çatdıran nazir müavini milli komandamızın "Bakı-2017"də uğurla çıxış edəcəyinə əminliyini ifadə etdi.

Daha sonra çıxış edən gənclər və idman naziri A.Rəhimov "İslam həmrəyliyi ili"ndə "Bakı-2017"nin təşkilini tarixi hadisə kimi qiymətləndirdi. Arenaların yarışa tam hazır olduğunu bildirən nazir: "57 ölkədən 3 minədək idmançı 20 idman növündə birincilik uğrunda mübarizə aparacaq. Oyunların təşkilində birlik, sülh, hörmət və mükəmməllik 4 əsas dəyər olaraq qəbul edilir. Artıq bu gündən idmançı və nümayəndə heyətlərinin Atletlər Kəndində yerləşdirilməsinə başlanılıb. IV İslam Həmrəyliyi Oyunları 17 idman arenasında keçiriləcək. Nəzərdə tutulan bütün idman obyektləri artıq yarışa hazırdır. Oyunlarda idmançılardan başqa mindən çox komanda rəsmisi və texniki nümayəndə iştirak edəcək. Yarış zamanı qonaqlar yemək, nəqliyyat və təhlükəsizliklə ən yüksək səviyyədə təmin olunacaqlar. Ölkəmizdə idmanın inkişafı ən yüksək səviyyədədir. Biz dəfələrlə beynəlxalq tədbirlərə ev sahibliyi etmişik. İnanırıq ki, bu tədbirin də ən yüksək səviyyədə keçirilməsi etimadını doğruldacağıq.”-bildirdi.

Sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti Ç.Hüseynzadə "İslam Həmrəyliyi Oyunları: Mədəniyyət və inkişaf üçün körpü" mövzusunda məruzə ilə çıxış etdi. O, "Bakı-2017"nin Azərbaycanın tarixində önəmli yeri olacağını vurğuladı. Ç.Hüseynzadə tarixən İslam mədəniyyətinin dünyanın ən aparıcı mədəniyyəti olduğunu, müasir mədəniyyətin formalaşmasında mühüm rol oynadığını diqqətə çatdırdı. MOK-un vitse-prezidenti İslam Həmrəyliyi İdman Federasiyasının məqsədinin yalnız idman yarışlarını keçirmək deyil, bu yarışlar vasitəsilə həm də İslam mədəniyyətini yenidən dirçəltmək olduğunu qeyd etdi. O, IV İslam Həmrəyliyi Oyunlarının İslam dininin sülhsevər din olduğunu bir daha göstərəcəyini və iştirakçı ölkələrin yaddaşında parlaq xatirə kimi qalacağını qeyd etdi.

Daha sonra millət vəkili R. Əliyev "Qlobal idman tədbirlərinin regionlarda təzahürü", Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov "Beynəlxalq idman oyunlarının inteqrasiyalı cəmiyyətin formalaşmasında rolu" mövzusunda çıxış etdi.
Tədbir iştirakçıları "İslam Həmrəyliyi" anlayışı adlı videoçarxı izlədikdən sonra Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev "IV İslam Həmrəyliyi Oyunlarında gənclərin rolu", İdman Mədəniyyəti və Maarifçiliyinə Dəstək İctimai Birliyinin sədri Səlhət Abbasova "İslam Həmrəyliyi Oyunları fonunda beynəlxalq idman tədbirləri vacib təsir vasitəsi kimi: beynəlmiləlçilik və vətəndaş həmrəyliyi", Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova "İdman tədbirləri və sosial media: maarifləndirmə vacibdir" mövzusunda çıxış etdilər.

Sonda konfrans iştirakçıları birgə xatirə şəkli çəkdirdilər.




Xəbər 778 dəfə oxundu.