Bədii gimnastika üzrə dünya kubokunun ikinci gününün qalibləri mükafatlandırılıb
Bakıda, Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarının ikinci günündə fərdi gimnastlar və qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə təsnifat yarışları keçirilib.

Bədii gimnastika üzrə qrup hərəkətləri yarışında Bolqarıstan yığması qızıl medal qazanıb. İki hərəkətin yekunlarına görə Bolqarıstan gimnastları 36,550 xal toplayıblar. İtaliya yığması 35,500 xalla ikinci ukraynalı gimnastlar isə 35,100 xalla üçüncü yeri tutublar. Azərbaycan yığması 34,700 xalla yarışda dördüncü yerdə qərarlaşıb.

Sonra qaliblər mükafatlandırılıblar.

Mərasimdə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) texniki nümayəndəsi Daniela Dellekyai, Milli Gimnastika Arenasının direktoru Maqsud Fərzullayev, Azərbaycan Gimnastika Federasiyasının beynəlxalq əlaqələr üzrə meneceri Mehman Əliyev, bədii gimnastika üzrə yığma komandamızın baş məşqçisi Mariana Vasileva, Azərbaycan Gimnastika Federasiyasının baş katibinin müavini Nurlana Məmmədzadə, bədii gimnastika üzrə Azərbaycan yığmasının lideri Marina Durunda iştirak ediblər.

Azərbaycan Gimnastika Federasiyasının ən yaxşı ifaya və ən yüksək bala görə təsis etdiyi “AGF Trophy” mükafatı fərdi çıxışlarda Rusiya gimnastı Aleksandra Soldatova, qrup komandaları arasında isə İtaliya yığmasına təqdim olunub.

Mükafatı Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov təqdim edib.

Qeyd edək ki, aprelin 28-də Bakıda bədii gimnastika üzrə FIG Dünya Kuboku yarışlarına start verilib. Aprelin 30-dək davam edəcək yarışlara 21 ölkədən 94 gimnast qatılıb. Onlardan 34 nəfəri fərdi proqramda, 58 nəfəri isə ümumilikdə 10 qrup hərəkətləri komandasının tərkibində çıxış edir.

Yarışlarda tamaşaçılar Azərbaycanın tanınmış gimnastları ilə yanaşı, bir çox xarici favorit idmançıların da çıxışlarını izləmək şansı əldə edirlər.

Xəbər 1056 dəfə oxundu.