“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin əməkdaşları Bakı marafonuna qatılacaqlar
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) 23 əməkdaşı həm sağlamlıq, həm də ehtiyacı olanlara dəstək göstərmək məqsədilə aprelin 30-da “Bakı Marafonu-2017”də iştirak edəcək.

“Sağlamlıq naminə qaç!” devizi altında marafona qoşulacaq əməkdaşlar kampaniya çərçivəsində toplanan vəsaiti ürək çatışmazlığından əziyyət çəkən doqquz yaşlı Leyla Rəfizadənin əməliyyatı üçün sərf edəcəklər.

BŞH-nin İnsan resursları şöbəsinin rəhbəri və builki marafonun iştirakçısı İranə Əhmədova Əməliyyat Şirkətinin əməkdaşlarının yarışa qatılmalarına belə münasibət bildirib: “Sağlam həyat tərzinin təbliği, gənclərin inkişafı və xeyriyyə tədbirlərinin keçirilməsi BŞH-nin əsas dəyərlərindəndir. Bakı marafonunda iştirak etməklə biz cəmiyyətdə öz dəyərlərimizi təbliğ edir və hər kəsi bu ideyaya qoşulmaqda fəal olmağa çağırırıq. Şirkətimizin hər bir əməkdaşı Leyla üçün keçirdiyimiz aksiyanı dəstəkləyir. İnanırıq ki, göstərilən yardımlar nəticəsində o, tezliklə şəfa tapacaq. BŞH xeyriyyəçiliyin geniş vüsət alması, eyni zamanda, cəmiyyətin əsas dəyərlərindən birinə çevrilməsi üçün bundan sonra da öz dəstəyini göstərəcək. Hamını keçirdiyimiz xeyriyyə aksiyamıza qoşulmağa dəvət edirik”.

Marafonda iştirak etmək BŞH-nin əməkdaşları üçün artıq ənənəyə çevrilib. Builki marafona qatılanlardan Ayan Ağayeva və Bülənt Özərdim həm də beynəlxalq marafonların iştirakçılarıdır. Ötən il baş tutmuş Bakı marafonunda əməliyyat şirkətini 3 nəfər təmsil etmişdi və iştirakçılardan Ayan Ağayeva həmin marafonu qadınlar arasında 21-ci yerdə başa vurmuşdu.

Qeyd edək ki, BŞH 2016-cı ilin dekabrında keçirilmiş “Soyuq əllər, isti ürək” kampaniyası çərçivəsində “Sən də yardım əlini uzat!” devizi altında ürək çatışmazlığından əziyyət çəkən azyaşlı Zeynəb üçün 3500 manat məbləğində vəsait toplamışdı. İndiki kampaniya çərçivəsində isə şirkət Leylanın ürək əməliyyatı üçün tələb olunan 3500 manat vəsaiti toplamağa çalışacaq. Toplanan vəsait əməliyyata sərf olunması üçün “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyinə təqdim ediləcək.

Xəbər 561 dəfə oxundu.