Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışlarının təntənəli açılış mərasimi olub
Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Bakıda keçirilən bədii gimnastika üzrə dünya kuboku yarışlarının aprelin 28-də təntənəli açılış mərasimi olub.

Milli Gimnastika Arenasında keçirilən mərasimdə yarışlarda iştirak edən ölkələrin bayraqları milli musiqilərinin müşayiəti ilə təqdim olunub.

Gənclər və idman naziri Azad Rəhimov çıxış edərək Azərbaycanda idmana göstərilən dövlət qayğısından danışıb, bu mötəbər yarışın ölkəmizdə təşkilindən məmnunluğunu bildirib. Nazir vurğulayıb ki, cari ildə ölkəmiz batut və tamblinq, idman gimnastikası üzrə dünya kuboku yarışlarına ev sahibliyi edib. Hazırda Bakıda bədii gimnastika üzrə dünya kuboku keçirilir. Bədii gimnastika dünyada, həmçinin Azərbaycanda çox sevilən və geniş auditoriyası olan idman növüdür. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra idmanın bu növünə maraq xeyli artıb. Bütün tədbirlər yüksək səviyyədə təşkil olunur və möhtəşəm idman bayramına çevrilir. Azərbaycan irimiqyaslı beynəlxalq turnirlərə, həmçinin Avropa və dünya çempionatlarına yüksək səviyyədə ev sahibliyi edir. Beynəlxalq idman qurumları da bunu nəzərə alaraq belə mötəbər tədbirlərin keçirilməsini tərəddüdsüz olaraq ölkəmizə həvalə edirlər. Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.

“Dünyanın 21 ölkəsindən idmançıların qatıldıqları yarış Azərbaycanda gimnastikanın inkişafına və təbliğinə öz töhfəsini verəcək. Bu yarış, həmçinin idmançıların təcrübə qazanması üçün əla fürsət olacaq”, - deyə nazir əlavə edib.

Sonra Azərbaycanın dövlət himni səsləndirilib.

Sonda gimnastların iştirakı ilə “Çempionlara baxaq, çempion olaq” şousu təqdim olunub.

Üç gün davam edəcək turnirdə 21 ölkədən 92 gimnast iştirak edir. İdmançılardan 34-ü fərdi proqramda, 58-i isə 10 qrup hərəkətləri komandasının tərkibində mübarizə aparır.

Ölkəmizi bu turnirdə yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc mükafatçısı Jalə Piriyeva, Zöhrə Ağamirova, həmçinin Avropa çempionatının qrup hərəkətləri komandasının tərkibində gümüş medalçılar Siyana Vasilyeva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.

Xəbər 805 dəfə oxundu.