“Bakı-2017” Əməliyyat Komitəsi “Azərsun Holding” ilə müqavilə imzalayıb
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları aprelin 28-də “Azərçay”ın Oyunların rəsmi dəstəkçisi olmasını elan edib.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının rəsmi dəstəkçisi olan “Azərçay” Azərbaycanda qida istehsalçısı olan “Azərsun Holding”in bir markasıdır. “Azərçay” Oyunlar zamanı Atletlər Kəndi də daxil olmaqla, bir sıra məkanlarda güzəştli qiymətlərlə çay təqdim edəcək.

İdmançı və rəsmiləri yüksək səviyyəli çay xidməti, həmçinin ənənəvi çay stəkanları, samovar və taxta vitrin qutularla təmin etməklə yanaşı, “Azərçay” Atletlər Kəndində qolf simulyatoru da təşkil edəcək.

Rəsmi dəstəkçi olaraq holdinq mayın 12-də Bakı Olimpiya Stadionunda keçiriləcək açılış mərasimi ərəfəsində, mayın 8-dən başlayaraq Oyunlar öncəsi idman sessiyaları ilə maraq və coşqu yaradacaq.

Razılaşma barədə danışan “Bakı-2017” Əməliyyat Komitəsinin direktoru, Atletlər Kəndinin meri və könüllülərin səfiri Elçin Səfərov deyib: “Azərsun Holding” Azərbaycanın aparıcı şirkətlərindən biridir və biz onların “Bakı-2017”nin rəsmi dəstəkçisi olmasından məmnunuq. Çay Azərbaycan xalqının çox sevdiyi ən qədim və əhəmiyyətli mədəniyyət ənənələrindən biridir. IV İslam Həmrəyliyi Oyunlarını dəstəkləməklə “Azərsun Holding” və “Azərçay” ölkəmizə gələcək bütün idmançılara, rəsmi şəxslərə və tamaşaçılara dünyada məşhur olan Azərbaycan qonaqpərvərliyini və mehribanlığını yaşadacaq.

“Azərsun Holding”in baş icraçı direktoru Savaş Uzan deyib: “Biz “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının rəsmi dəstəkçisi olmaqdan və Azərbaycanda keçiriləcək mühüm idman tədbirlərinə dəstək verməkdən qürur duyuruq. Əminəm ki, birlikdə böyük nailiyyətlər əldə edəcəyik”.

“BonAqua”, “iTicket”, “Fresco”, “Milla”, “Red Bull” və “Nestle” ilə yanaşı, “Azərsun Holding” IV İslam Həmrəyliyi Oyunlarının yeddinci rəsmi dəstəkçisi olub.

Xəbər 683 dəfə oxundu.