Bu gün çimərlik futbolu üzrə dünya çempionatına start verilir
Aprelin 27-də çimərlik futbolu üzrə dünya çempionatının final mərhələsinə start veriləcək.

Baham adalarının paytaxtı Nassauda keçirilən çempionatda 16 komanda dörd qrupda mübarizə aparır.

Mundialda FIFA-nın Asiya Futbol Konfederasiyası (AFC) 3, Afrika Futbol Konfederasiyası (CAF) 2, Şimali Amerika, Mərkəzi Amerika və Karib hövzəsi Konfederasiyası (CONCACAF) 2, Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) 3, Okeaniya Futbol Konfederasiya (OFC) 1, UEFA isə 4 komanda ilə təmsil olunur.

Ev sahibi Baham adalarının komandası “A” qrupunda - İsveçrə, Ekvador və Seneqal yığmaları ilə eyni qrupda çıxış edir.

“B” qrupunda Nigeriya, İtaliya, İran, Meksika komandaları yer alıblar.

“C” qrupunda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Paraqvay, Portuqaliya və Panama milliləri qarşılaşacaqlar.

Sonuncu – “D” qrupunda isə Braziliya, Tahiti, Yaponiya və Polşa yığmaları üz-üzə gələcəklər.

Dünya çempionatının final qarşılaşması mayın 7-də keçiriləcək.

Xatırladaq ki, 2015-ci ildə Portuqaliyada keçirilmiş mundialda ev sahibləri Tahiti yığmasına 5:3 hesabı ilə qalib gələrək dünya çempionu adını qazanmışdı. Üçüncü yer uğrunda görüşdə isə Rusiya millisi İtaliyanı məğlub etmişdi - 5:2.

Xəbər 675 dəfə oxundu.