Astarada “Sərhəd” hərbi idman oyunlarının rayon turu başa çatıb
Astara Sərhəd Komendantlığında Lənkəran Sərhəd Dəstəsi, Astara Rayon Təhsil Şöbəsi, rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə “Sərhəd” hərbi idman oyunlarının rayon turu başa çatıb.

Yarışda 12 komandanı təmsil edən 60 məktəbli qalib adı uğrunda mübarizə aparıb.

Komandalar “Sıra hazırlığı”, “Avtomatın sökülməsi və yığılması”, “Yaralanmış sərhəd naryadı üzvünə ilkin tibbi yardımın göstərilməsi və onun təxliyəsi”, “Kəndirin dartılması” və “Sərhəd naryadı tərəfindən nəqliyyat vasitələrinə baxışın təşkili” mərhələləri üzrə mübarizə aparıblar.

Yarışın yekun nəticələrinə əsasən Şiyəkəran kənd 2, Astara şəhər 3 və şəhər 7 nömrəli tam orta məktəb komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutublar.

Qaliblərə rayon təhsil şöbəsi, gənclər və idman idarəsinin diplomları verilib.

Rayon turunun qalibi - Şiyəkəran kənd 2 nömrəli tam orta məktəbin komandası may ayında Lənkəran şəhərində keçiriləcək respublika zona birinciliyində Astaranı təmsil edəcək.

Xəbər 1490 dəfə oxundu.