Uinston Parks: Uğursuzluqda hamımız günahkarıq - MÜSAHİBƏ
Sabah «Bakı» ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində doğma meydanda AzAL klubunu qəbul edəcək. Birinci «altılığ»da Avroliqaya düşmək imkanını əməli olaraq itirən «ağ-göylər», indi bu hədəfə yetişmək üçün bütün gücünü Azərbaycan kubokuna yönəldib. Amma komandada vəziyyət o qədər də ürəkaçan deyil. İtkilər «Bakı»nın istəyini gerçəkləşdirməsinə mane olur. Unibank Premyer Liqasının XIX turunda, «Neftçi» ilə matçda zədələnən Uinston Parks, «İnter»lə qarşılaşmanı tribunadan izlədi. Onun AzAL ilə görüşdə meydana çıxması da sual altındadır. Bunu idman.com.az saytına müsahibəsində, hucümçu özü deyib:

- Zədəm olduğu üçün meydana «İnter»lə matçı buraxmalı oldum. Ancaq bunu faciə kimi qiymətləndirmirəm. Çünki komandada məni əvəz edə biləcək yetərincə futbolçu var.

- Həkimlər zədənlə bağlı nə söyləyirlər?
- Zədəm uzun müddətli deyil. Ümidvaram ki, yaxın günlərdə yaşıl meydana dönəcəyəm.

- «Bakı»nın qeyri-sabit çıxışı nə ilə bağlıdır?
- Çox şey var. Amma bu barədə heç nə deməyəcəyəm. Qısaca onu söyləyə bilərəm ki, təzə komanda yaradılanda, buna bir az vaxt və bir az da səbr lazımdır. Tədricən hər şey yoluna düşəcəyinə əminəm.

- Demək olarmı ki, çempionluq şansınız tamam tükənib?
- Mən belə hesab etmirəm. İlk «altılığ» görüşlərinin başlanğıcında liderlər - «Neftçi» ilə «Xəzər Lənkəran» xal itirdilər. Mübarizənin gedişində vəziyyət dəyişə bilər. Hər şey özümüzdən asılıdır.

- Sizcə, yaxınlarda baş məşqçinin istefaya göndərilməsi, bunun reallaşmasına imkan verəcəkmi?
- Peşəkar kimi öz işimizi davam etməliyik. Futbolda belə şeylər olur: məşqçi gəlir, məşqçi gedir. Biz oyunumuzu oynamalıyıq.

- «Bakı»nın uğursuzluğunun bütün səbəbini Aleksandr Starkovda görmək olarmı?
- Məğlubiyyətdə futbolçuların da günahı var. Elə alınır işlər qaydasında gedir, elə alınır yox. Məğlubiyyətdə hamımız günahkarıq.

Kamran HACI

Xəbər 1198 dəfə oxundu.