Yunan-Roma güləşçiləri arasında XI Respublika Oyunlarının qalibləri Balakəndə müəyyənləşib
Balakən Olimpiya İdman Kompleksində yeniyetmə yunan-Roma güləşçiləri arasında XI Respublika Oyunlarının final mərhələsinə yekun vurulub.

Yarışda 43 şəhər, rayon, klub və cəmiyyətdən 250-dək yunan-Roma güləşçisi birincilik uğrunda mübarizə aparıb.

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının və Balakən rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı, Dünya Güləş Birliyinin mövcud qaydaları əsasında təşkil olunan yarışda güləşçilər 15 çəki dərəcəsində mübarizə aparıblar.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Səid Xəlilov (29 kq), Emil Əliyev (32 kq), Cavidan Məmmədli (35 kq), Fərid Xəlilov (38 kq), Əli Həsənov (42 kq), Qədir Kərimov (47 kq), Elvin Quliyev (50 kq), Xanəhməd Zeynalov (53 kq), Yusif Kərimli (56 kq), Xasay Həsənli (59 kq), Əli Əlizadə (63 kq), Emin Abdullayev (66 kq), Nurlan Məhərrəmli (70 kq), Xanlar Namazov (73 kq) və Laçın Vəliyev (85 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Yarış mayın 20-21-də Serbiyanın paytaxtı Belqradda təşkil olunacaq Avropa birinciliyinə seçmə xarakter daşıyır. 13-15 yaşlı idmançılar arasında keçiriləcək qitə birinciliyi dünya güləş tarixində ilk dəfə təşkil olunacaq.

Sərbəst güləş üzrə yarışlar isə aprelin 27-də Balakən Olimpiya İdman Kompleksində keçiriləcək.

Xəbər 976 dəfə oxundu.