Maris Verpakovskis: “Belə futbol azarkeşlərə də maraqsızdır”
“Qazandığım hər bir uğura görə atama borcluyam. Həmişə onunla məsləhətləşirəm. Elə “Bakı”ya keçəndə də öncə onunla məsləhətləşdim”. İdman.com.az saytının məlumatına görə, bu fikri “Bakı”nın latviyalı futbolçusu Maris Verpakovskis deyib. “Toplu Bakı” jurnalının növbəti qonağı olan hücumçu, futbolu seçməyində vaxtilə kapitan olan atasının böyük rolu olduğunu bildirib. Maris vurduğu həlledici qollarla yığmasını çıxararaq, iştirak etdiyi 2004-cü final mərhələsini xatırlayıb:

“Finala çıxmaq bizim üçün fantastik bir uğur idi. Millinin heyətində uzun illər “Skonto”da birgə oynadığım futbolçular cəmləşmişdi. Aramızda ulduz olmasa da, Aleksandr Starkovun rəhbərliyi ilə əla komandamız vardı. Həmin il Latviyada hamı futboldan danışırdı. 2003-cü il üçün ölkəmdə Latviyanı Avropada layiqincə təmsil etdiyimə görə məni “İlin adamı” seçdilər. O vaxt biz Avropa birliyinin üzvü seçilmək istəyirdik. Mənin uğurlarım yerinə düşürdü”.

Bundan sonra Avropa səviyyəli əsl ulduza çevrilən Verpakovskis ona çoxlu təkliflər gəlməyə başladığını söyləyib: “Bavariya”, “Arsenal” kimi nəhənglər maraqlansa da, rəsmi olaraq Yunanıstanın “Olimpiyakos”, Rusiyanın “Krılya Sovetov” və Ukraynanın “Dinamo” klubları mənə təklif göndərdi. Elə alındı ki, “Dinamo”nu seçdim. Çünki bu klubun prezidenti cənab Surkis mənimlə şəxsən əlaqə saxladı və fikrində ciddi olduğunu bildirdi. Arxamca təyyarə də göndərmişdi”.

Azərbaycanda futbolunun inkişafının yeni başladığını deyən legioner meydança amilini ön plana çəkib: “Klubların maddi imkanın olması, təcrübəli futbolçuların çempionatınıza dəvəti yaxşı haldır. Futbolçuların özünü yaxşı hiss etməsi üçün, azarkeşlərin meydanlara gəlməsi üçün, stadionlar inşa edilməlidir. İnsanlar rahat şəkildə ora daxil olaraq maraqlı istirahət edə bilməli, futbolçular isə keyfiyyətli ot örtüyündə bacardıqlarını nümayiş etdirməlidir. Keyfiyyətsiz meydançalarda kimi istəsəniz dəvət edin, heç bir nəticə olmayacaq. Belə futbol azarkeşlərə də maraqsızdır. İnanıram ki, Azərbaycanda ildən ilə yeni stadionlar tikiləcək və futbol inkişaf edəcək. Belə də atmosfer də başqa cür olacaq”.

Təcrübəli hücumçu gənc futbolçulara da məsləhətlərini verib: “Uşaqlara əsas məsləhətim odur ki, onlar öz arzularının arxasınca getsinlər, heç vaxt ruhdan düşməsinlər. Futbol əla peşədir. Bununla onlar həm əylənə, həm də bununla pul qazanıb ailələrinə kömək edə bilərlər. Amma yaxşı futbolçu olmaq asan deyil, bunun üçün, çox sınaqlardan keçmək lazımdır. Bir sözlə, arzularınıza doğru gedin”.

Xəbər 1273 dəfə oxundu.