Yunan-Roma güləşçiləri Avropa birinciliyinə vəsiqə uğrunda Balakəndə yarışırlar
Aprelin 24-də Balakən Olimpiya İdman Kompleksində yeniyetmə güləşçilər arasında XI Respublika Oyunlarının final mərhələsinin açılış mərasimi olub.

Yarışda 43 şəhər, rayon, klub və cəmiyyətdən 250-dək yunan-Roma güləşçisi birincilik uğrunda mübarizə aparıb.
Əvvəlcə güləşçilərin paradı olub.

Azərbaycanda idmana göstərilən dövlət qayğısından danışan Balakən Rayon İcra Hakimiyyəti başçısının müavini Nəzakət Rüstəmova güləşçilərimizin beynəlxalq arenada qazandıqları nailiyyətlər barədə məlumat verib. O, yarışın Balakəndə təşkil olunmasına görə Gənclər və İdman Nazirliyinə təşəkkürünü bildirib. Qeyd edib ki, Balakən idmançıları hər zaman ölkəmizi beynəlxalq arenada müvəffəqiyyətlə təmsil edirlər. Avropa və dünya çempionatının mükafatçısı, “Rio-2016”da medal qazanan Rəsul Çunayev Balakən güləş məktəbinin yetirməsidir. Hazırda bu yarışda perspektivli və güclü idmançıları çıxış edirlər. Onlar gələcəkdə əzmkarlıqla çıxış edib beynəlxalq arenada ölkəmizi lazımınca təmsil edəcəklər.

Respublika Oyunlarının final mərhələsinin mayda Serbiyada təşkil olunacaq Avropa birinciliyinə seçmə xarakteri daşıdığını bildirən Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Tofiq Eyvazov Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını vurğulayıb. T.Eyvazov deyib ki, Azərbaycanın irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi etməsi digər ölkələrə nümunə kimi göstərilir. Beynəlxalq idman qurumları da heç bir tərəddüd etmədən mötəbər yarışların təşkilini Azərbaycana həvalə edirlər. Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarını müvəffəqiyyətlə təşkil etməklə bir daha öz qüdrətini dünyaya nümayiş etdirmiş oldu. Cari ildə ölkəmiz IV İslam Həmrəyliyi Oyunlarına, Formula-1 Azərbaycan Qran-prisi və qadın voleybolçular arasında Avropa çempionatına ev sahibliyi edəcək. Güləşçilərimizin IV İslam Həmrəyliyi Oyunlarına ciddi hazırlaşdıqlarını diqqətə çatdıran nazirlik rəsmisi pəhləvanlarımızın “Bakı-2017”də uğurla çıxış edib azarkeşləri sevindirəcəklərinə əminliyini ifadə edib.
Balakən rayon gənclər və idman idarəsinin rəisi Rasim Paçalov ölkəmizdə digər sahələr kimi idmanın da inkişaf etdiyini vurğulayıb. Bildirib ki, ölkəmizdə güləşin də inkişafına xüsusi diqqət yetirilir. Bu diqqət və qayğıdan bəhrələnən idmançılarımız Avropa və dünya çempionatlarında, beynəlxalq turnirlərdə uğurla çıxış edərək üçrəngli bayrağımızı dalğalandırırlar.
Sonra Azərbaycanın dövlət himni səsləndirilib.

Yarış mayın 20-21-də Serbiyanın paytaxtı Belqradda təşkil olunacaq Avropa birinciliyinə seçmə xarakter daşıyır. 13-15 yaşlı idmançılar arasında keçiriləcək qitə birinciliyi dünya güləş tarixində ilk dəfə təşkil olunacaq.

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının və Balakən rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı, Dünya Güləş Birliyinin mövcud qaydaları əsasında təşkil olunan yarışda güləşçilər 15 çəki dərəcəsində mübarizə aparırlar.

Yarışa aprelin 25-də yekun vurulacaq. Sərbəst güləş üzrə yarışlar isə aprelin 27-də Balakən Olimpiya İdman Kompleksində keçiriləcək.

Xəbər 865 dəfə oxundu.