“Baku Crystal Hall” İslamiadanın voleybol, boks və zorxana yarışlarının keçirilməsinə hazırdır
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi bu mötəbər turnirin boks, voleybol və zorxana yarışlarının keçiriləcəyi “Baku Crystal Hall”a media nümayəndələri üçün məlumat turu təşkil edib.

Tur zamanı mətbuat nümayəndələrinə IV İslam Həmrəyliyi Oyunlarında “Baku Crystal Hall”un iki hissəyə ayrılacağı bildirilib. Qeyd olunub ki, “Crystal Hall-1”də voleybol, “Crystal Hall-2”də isə boks və zorxana yarışları təşkil ediləcək. Hazırda yarış zallarında quraşdırma işləri yekunlaşmaq üzrədir.

Jurnalistlər arenada idmançılar üçün yaradılan yüksək şəraitlə tanış olublar.

Rio Olimpiadasının bürünc mükafatçısı, boksçu Kamran Şahsuvarlı media nümayəndələrinə açıqlamasında milli komandamızın təlim-məşq toplanışlarının davam etdiyini bildirib. O, boksçularımızın IV İslam Həmrəyliyi Oyunlarında da uğurla çıxış edərək azarkeşlərə qızıl medal sevinci yaşatmaq üçün ciddi hazırlaşdıqlarını vurğulayıb.

Xatırladaq ki, “Bakı-2015” birinci Avropa Oyunlarında da boks və voleybol yarışları “Baku Crystal Hall”da keçirilib.

Xəbər 590 dəfə oxundu.