Topaz Premyer Liqası: “Qəbələ” komandası gümüş, “İnter” isə bürünc medallara sahib olub
Aprelin 24-də Topaz Premyer Liqasının başa çatmasına bir tur qalmış “gümüş” və ”bürünc” medalların sahibləri müəyyənləşib.

Doğma meydanda “İnter”i 4:3 hesabı ilə məğlubiyyətə uğradan “Qəbələ” komandası futbol üzrə Azərbaycan çempionatında ikinci yeri tutub. Bürünc medala isə “İnter” komandası sahib olub.

Qəbələ şəhər stadionunda keçirilən görüşdə hesabı 3-cü dəqiqədə “İnter”in hücumçusu Rauf Əliyev açıb - 0:1. Bu qoldan sonra üstünlüyü tamamilə ələ alan ev sahibləri matçın 14-cü dəqiqəsində Rikardinyonun qolu ilə hesabı bərabərləşdiriblər – 1:1. Oyunun 26-cı dəqiqəsində Sergey Zenyov “Qəbələ”ni hesabda irəli çıxarıb. Yeddi dəqiqə sonra isə “İnter”in heyətində Adrian Skarlatake avtoqolla yadda qalıb – 3:1. İlk hissə bu hesabla başa çatıb.

İkinci hissədə böyük əzmkarlıq göstərən “İnter” futbolçuları 73-cü və 77-ci dəqiqələrdə “Qəbələ”nin qapısına yol taparaq hesabı bərabərləşdiriblər – 3:3. Qonaqların heyətində Elnur Abdullayev və Rauf Əliyev adlarını tabloya yazdırıblar.

Lakin bu, oyunda sonuncu qol olmayıb. Matçın 90-cı dəqiqəsində Tellur Mütəllimov dəqiq zərbə ilə “Qəbələ” komandasına vacib qələbə qazandırıb.

Beləliklə, 27-ci turdan sonra 59 xalla turnir cədvəlinin lideri olan “Qarabağ” komandası artıq çempionluğunu elan edib. “Qəbələ” klubunun 52, “İnter”in 43 xalı var.

Xatırladaq ki, bu tur çərçivəsində ötən gün keçirilən oyunlarda “AZAL” doğma meydanda “Kəpəz”ə məğlub olub - 1:2. “Zirə” - “Neftçi” görüşündə heç-heçə qeydə alınıb - 2:2.

Digər oyunda isə evdə “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub edən “Qarabağ” komandası ardıcıl dördüncü, ümumilikdə isə beşinci dəfə ölkə çempionu tituluna sahib olub. Oyundan sonra keçirilən mükafatlandırma mərasimində Ağdam təmsilçisinə kubok və medallar təqdim edilib.

Topaz Premyer Liqasının sonuncu – 28-ci turunun görüşləri aprelin 29-da oynanılacaq.

Xəbər 640 dəfə oxundu.