“Lələtəpə” və “Ərgünəş” komandaları milli intellektual oyunun final mərhələsinə vəsiqə qazanıb
“Xəmsə” Milli İntellektual Oyunu üzrə gənclər arasında IX Azərbaycan çempionatının Qarabağ üzrə zona mərhələsinin qalibləri məlum olub.

Tərtər Rayon Uşaq-Gənclər Şahmat Məktəbində keçirilən zona birinciliyində Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Xocalı, Şuşa, Xocavənd, Xankəndi, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan şəhər və rayonlarından, ümumilikdə, 16 komanda iştirak edib.

Yarışın açılışında çıxış edən Tərtər rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın icrası istiqamətində rayonda görülən işlərdən və həyata keçirilən tədbirlərdən danışıb, iştirakçılara uğurlar arzulayıb.

Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda Cəbrayıl rayonunun “Lələtəpə” komandası birinci, Füzuli rayonunun “Ərgünəş” komandası ikinci yerə layiq görülərək, Balakəndə keçiriləcək final mərhələsinə vəsiqə əldə ediblər.

Xəbər 664 dəfə oxundu.