“Bakı-2017”nin könüllüləri arasında keçirilən ikinci velosiped yarışında 130-dən çox gənc iştirak edib
Aprelin 23-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin təşkilatçılığı ilə “Bakı-2017”nin könüllüləri arasında ikinci velosiped yarışı keçirilib.

Əvvəlcə veloturun iştirakçılarına yarışın qaydaları haqqında məlumat verilib.

“Bakı Kristal Hall”ın yaxınlığında keçirilən velosiped yarışında 130-dən çox könüllü qız və oğlan mübarizəyə qoşularaq təxminən 700 metr məsafə qət edib və bacarıqlarını nümayiş etdiriblər.

Yarışın təsnifat mərhələsi hər birində on könüllünün iştirak etdiyi turlardan ibarət olub. Yarışda qızlar və oğlanlar ayrıca yarışıblar. Bu turların qalibləri final mərhələsində mübarizə aparmaq hüququ əldə ediblər. Gərgin mübarizə şəraitində keçən final mərhələsinin sonunda finiş xəttinə ilk çatan beş könüllü qalib elan olunub.

Sonra yarışın mükafatlandırma mərasimi keçirilib. Yarışda ilk üç yeri tutan qaliblərə velosipedlər hədiyyə edilib.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin könüllülərlə kommunikasiya meneceri Təranə Həsənova yarışla bağlı bildirib ki, könüllülər arasında velosiped yarışına qeydiyyatdan keçmiş gənclərin sayı çox olduğundan bu gün ikinci velosiped yarışı təşkil edilib. “Bakı-2017”nin könüllüləri arasında Bakı Ağ Şəhər bulvarında aprelin 9-da keçirilmiş birinci veloyarışa 150-dən çox könüllü qatılmışdı. Yarış “Uğurlu gələcək” Könüllülərin İnkişaf Proqramının üçüncü istiqaməti olan “Bakı-2017 könüllülərinin sosial fəaliyyəti çərçivəsində təşkil olunur.

T.Həsənova qeyd edib ki, velosiped yarışının keçirilməsində əsas məqsəd könüllülər arasında sağlam həyat tərzini təbliğ etmək, gənclərdə idmana həvəsi artırmaq, eləcə də “Bakı-2017” könüllülərinin asudə vaxtlarını səmərəli təşkil etməkdir. Eyni zamanda, könüllüləri velosiped idmanı ilə məşğul olmağa və ondan nəqliyyat vasitəsi kimi istifadəyə cəlb etməkdir. Bugünkü yarışı Azərbaycan Velosiped İdmanı Federasiyasının hakimi idarə edir. Yarış zamanı iştirakçıların təhlükəsizlik məsələləri təmin olunub.

Xəbər 543 dəfə oxundu.