“Neftçi” futbol klubunun muzeyi və fanşopu açılıb
“Neftçi” peşəkar futbol klubunun (PFK) 80 illik yubiley tədbirləri çərçivəsində aprelin 22-də “Bakcell Arena”da klubun muzeyinin və fanşopunun açılış mərasimi keçirilib.

Tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayev, şuranın üzvləri, AFFA-nın baş katibi Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, veteran futbolçular, futbol ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qonaqlar əvvəlcə muzeydə “Neftçi”nin yaranma tarixi ilə bağlı maraqlı məlumatlar, şəkillər və həmin dövrlərə aid eksponatlarla tanış olublar. Girişdə klubun futbolçularının SSRİ çempionatlarında geydikləri formalar və müstəqillik dövründə qazanılmış kuboklar (Birlik, çempionluq, ölkə kubokları) nümayiş etdirilib.

Tədbir iştirakçıları ikinci otaqda xalq komandasına dövlət qayğısı, ulu öndər Heydər Əliyevin “Neftçi”nin üzvləri ilə görüşü, Prezident İlham Əliyevin komandanın futbolçularını qəbul etməsi haqqında video və fotomateriallarla tanış olublar.

Sonra qonaqlara “Neftçi”nin fanşopu göstərilib.

“Neftçi” PFK-nın muzey və fanşopu mayın 1-dən ictimaiyyətin üzünə açılacaq. Muzey və fanşop oyun və bazar günləri istisna olmaqla hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək. Muzeyə girişin qiyməti 2 manat olacaq. Yeddi yaşadək uşaqlar üçün ödəniş tələb edilməyəcək.

“Neftçi” PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayev mərasimdə çıxış edərək muzeyin və fanşopun açılmasının klubun azarkeşləri üçün gözəl hədiyyə olduğunu vurğulayıb.

AFFA-nın prezidenti Rövnəq Abdullayev klubun uğurlarının, tarixinin təbliği, gənclərin idmana, xüsusən futbola cəlb edilməsi baxımından belə muzeylərin açılmasının önəmini diqqətə çatdırıb.

Xəbər 618 dəfə oxundu.