Sumqayıt tennisçiləri IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr edilmiş yarışın qalibi olub
Xaçmazda IV İslam Həmrəyliyi Oyunlarının məktəblilər arasında təbliğinə həsr olunmuş tennis üzrə yarışların qalibləri müəyyənləşib.

Aprelin 21-22-də Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən birincilikdə 12 yaşa qədər oğlan və qızlar medallar uğrunda mübarizə aparıb. Turnirə Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Sumqayıt, Abşeron, Qubadlı və Qobustanı təmsil edən 10 komanda qatılıb.

Təhsil nazirinin müvafiq əmrinə əsasən keçirilən yarışların əsas məqsədi IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdir.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışların ümumi nəticələrinə əsasən Sumqayıt tennisçiləri komanda hesabında yarışların qalibi adını qazanıb. Şabran komandası ikinci, Xaçmaz tennisçiləri isə üçüncü yeri tutub.

Xəbər 624 dəfə oxundu.