“2017” nömrəsini yığmaqla IV İslam Həmrəyliyi Oyunları haqqında ətraflı məlumat əldə etmək mümkündür
Aprelin 21-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Tamaşaçı Məlumat Mərkəzi açılıb. Tamaşaçı Məlumat Mərkəzinə “2017” nömrəsini yığmaqla ödənişsiz zəng etmək olar. Mərkəz tamaşaçıları Oyunların keçirildiyi məkanlar, yarış cədvəli, biletlər (qiymətlər, biletlərin alınması, bilet satışı məntəqələri və onların iş saatı), yarış məkanları üçün nəzərdə tutulan nəqliyyat imkanları barədə ətraflı məlumatlandıracaq.

Oyunların rəsmi tərəfdaşı olan “Nar” şirkəti tərəfindən təmin ediləcək Tamaşaçı Məlumat Mərkəzi həftənin 7 günü saat 10:00-dan 18:00-dək (Bakı vaxtı ilə) Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək. Məlumat almaq istəyən əcnəbi qonaqlar +994 77 2017 000 nömrəsinə zəng vura bilərlər. Bu halda zənglər beynəlxalq zəng tarifləri üzrə hesablanacaq.

Tamaşaçı Məlumat Mərkəzinə zəng edən hər bir kəsi “Bakı-2017”nin ulduz səfirləri, “Bu şəhərdə”nin aktyorları Rafael İsgəndərov və Coşqun Rəhimov salamlayacaq.

IV İslam Həmrəyliyi Oyunlarında 4 qitədən 57 ölkədən idmançılar 20 idman növü üzrə, həmçinin futbol, atletika, gimnastika, güləş və boks daxil olmaqla, 270 dəst medal uğrunda mübarizə aparacaqlar. Mayın 12-də Bakı Olimpiya Stadionunda keçiriləcək rəsmi açılış mərasimindən 4 gün əvvəl futbol, həndbol və voleybol yarışlarına start veriləcək.

Bu möhtəşəm idman tədbirinə qoşulmaq istəyən hər bir şəxs “Bakı-2017”nin rəsmi internet səhifəsi - www.baku2017.com/tickets vasitəsilə və ya Bakının müxtəlif yerlərində, o cümlədən “Park Bulvar”, “Gənclik Mall” və “28 Mall” alış-veriş mərkəzlərində və 5 “ASAN Xidmət” mərkəzində yerləşən 12 bilet satışı məntəqəsindən bilet əldə etməklə, öz arzusunu reallaşdıra bilər. Bundan əlavə, Oyunlar zamanı 17 yarış məkanında bilet satışı kassaları fəaliyyət göstərəcək.

Xəbər 741 dəfə oxundu.