Mənim “İdman” sevgim
85 ildir işıq üzü görən, indiyədək nə az, nə çox - düz 7000 dəfə oxucularının görüşünə gəlmiş qəzetin öz fəaliyyəti, keçdiyi yol və gördüyü işlərə görə öyünməyə haqqı olmalıdır, məncə.

85 yaşının tamamında Gənclər və İdman Nazirliyi ilə birgə layihəmiz olan jurnalın 8 ildir ki, fasiləsiz nəşri, 6 ildir gündəlik xəbərlərlə yenilənən www.azsport.az (və ya www.idman.com.az) internet səhifəsi, həmçinin son on ildə bədən tərbiyəsi, idman, olimpiya hərəkatına həsr olunmuş 10-dan çox kitabın nəşr-ləri ilə Azərbaycan idmanının əsl salnaməçisinə çevrilən qəzetimiz həm də idman mətbuatımızın tarixini özündə əks etdirir.

Redaksiyanın keçdiyi bu uzun və şərəfli yola işıq salmış Mirpaşa Miriyev, Oqtay Atayev, Aqşin Kazımzadə, Oqtay Bayramov, Arif Şəfizadə, Vaqif Əfəndiyev, Toğrul Bağırov və onlarla işləmiş kollektivlərin, eləcə də uzun illərdir hələ də redaksiyada gözünün nurunu töküb, saç ağardan hər kəsin payı var bu uğur dolu 85 və 7000 rəqəmlərində.

Qəzetin tarixi barədə bu sayımızda başqa yazıda bəhs olunduğundan təkrara yol verməyəcəyəm. Bundan əvvəlki yubileylərimizdə, əlamətdar günlərdə bu və digər işlərimiz barədə çox danışılıb. Bu dəfə isə, sadəcə, əziz dostum, yol yoldaşımla ilk tanışlığımı xatırlayacağam.

Uşaq yaşlarımdan vurğunu idim bu qəzetin. Əyri hərflərlə, ağ-qara loqo ilə, kiril hərfləri ilə yazılan “İdman” idi onda. Məktəbdə oxuduğum illər idi. Poçt şöbəsi yolumun üstündə olduğundan hər gün dərsdən qayıdanda, atamın abunəçisi olduğu qəzetləri ordan götürməmiş evə gəlməzdim. Yaxşı xatırlayıram: evdə dərslərimi bitirmədən “İdman”ı oxumaq qadağan edilsə də, həmişə verdiyim sözə əməl etməyimə baxmayaraq, yalnız bu qadağaya gizli də olsa, riayət etmirdim.

“İdman”ın yolunu həmişə səbirsizliklə gözləyirdim. Xüsusən də, “Neftçi”nin oynadığı günün ertəsi. O zaman mənim üçün əlçatmaz görünən “İdman”çıların oyun haqda nə yazdığını maraqla oxuyar, matçın protokoluna və turnir cədvəlinə baxıb, “Neftçi”nin neçənci pilləyə qalxıb-düşdüyünü, topladığı xalı cədvəl qonşuları ilə müqayisə edərdim. Etiraf edim ki, o zamanlar “İdman” sırf futbola görə sevimli qəzetimə çevrilmişdi.

Qəzetin son səhifəsinin aşağısında redaktorun Mirpaşa Miriyev, sonralar isə Oqtay Atayev və Aqşin Kazımzadənin ad-soyadları hər dəfə diqqətimi cəlb edirdi. Bəlkə də onlara həsəd aparırdım. Məktəblidən tutmuş təqaüdçüyədək hər kəsin qəlbini fəth edən qəzetin redaktoruna necə həsəd aparmayasan?

Bax, o vaxtdan idmanı və “İdman”ı sevdim mən. İndi də sevirəm. Lakin indi özünü bu qəzetdən ayrı təsəvvür edə bilməyən bir insan, 40 yaşının tən yarısını birgə keçirdiyi bir dost, sirdaş, yol yoldaşı kimi sevirəm “İdman”ı.

7000-nin və 85-in mübarək, dostum!!!

Xəbər 9933 dəfə oxundu.