“Qəbələ”nin U-15 və U-16 komandaları Afina və Tbilisidə beynəlxalq turnirlərdə iştirak edəcəklər
“Qəbələ” futbol klublarının aşağı yaş qrupları üzrə komandaları beynəlxalq turnirlərdə iştirak edəcəklər.

“Qəbələ” Akademiyasının U-16 və U-15 komandaları növbəti sınaqlarına fərqli məkanlarda çıxacaqlar. U-15 Yunanıstanın paytaxtı Afinada “Elit Neon Cup”da mübarizə aparacaq. Aprelin 20-23-də keçiriləcək turnirdə 17 komanda 4 qrupda çıxış edəcək. İlk iki yer sahibinin 1/4 finala yüksələcəyi yarışda “Qəbələ” “Apollon” (Yunanıstan), “Partizan” (Serbiya) və “Panatinaikos”la (Yunanıstan) birlikdə “B” qrupunda mübarizə aparacaq. Famil Xəlilovun baş məşqçisi olduğu komanda Yunanıstana 18 futbolçu ilə yollanıb. “Qırmızı-qaralar” aprelin 21-də “Apollon” və “Partizan”la, ertəsi gün “Panatinaikos”la görüşəcəklər. Həlledici mərhələnin oyunları aprelin 22-23-də baş tutacaq.

“Qəbələ”nin U-16 komandası Tbilisidə baş tutacaq Vitali Dareseliya turnirində qüvvəsini sınayacaq. Aprelin 20-25-də keçiriləcək yarışda 8 komanda 2 qrupda mübarizə aparacaq. “Qəbələ” “A” qrupunda İtaliya “İnter”i, Tbilisi “Dinamo”su və Belçika “Gent”i ilə qarşılaşacaq. Şəhruz Mustafayevin baş məşqçisi olduğu komanda səfərə 18 futbolçu ilə yollanıb. “Qırmızı-qaralar” aprelin 20-də İtaliya təmsilçisi, ertəsi gün meydan sahibləri, aprelin 22-də isə belçikalılarla görüşəcəklər. Aprelin 24-də yarımfinal, turnirin son günü final matçları keçiriləcək.

Xəbər 567 dəfə oxundu.