Bu gün UEFA Çempionlar Liqasının sonuncu yarımfinalçıları məlum olacaq
Aprelin 19-da UEFA Çempionlar Liqasının daha iki oyunu ilə dörddəbir final mərhələsinə yekun vurulacaq.

“Monako” komandası “Borussiya Dortmund”u, “Barselona” isə “Yuventus”u qəbul edəcək.

Turində “Yuventus”a 0:3 hesabı ilə məğlub olan Luis Enrikenin yetirmələri bu dəfə “Nou Kamp”da “PSJ” ilə oyundakı kimi böyük əzmkarlıq göstərməyə çalışacaqlar. Lakin azarkeşlər turinlilərin üstünlüyü əldən verəcəklərinə inanmırlar. Hər iki komandanın heyətində ciddi itkilər yoxdur. Kataloniyalılar UEFA Çempionlar Liqası çərçivəsində keçirdikləri son 15 oyunda evdə məğlub olmayıblar.

Bu komandalar sonuncu dəfə 2002-2003-cü il mövsümündə UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsində qarşılaşıblar. İlk oyun 1:1 hesabı ilə başa çatıb. İkinci oyunda qələbə qazanan (2:1) “Yuventus” adını yarımfinala yazdırmışdı.

Gecənin digər oyunu isə Fransada “Monako” və “Borussiya Dortmund” komandaları arasında baş tutacaq. Dortmund səfərindən 3:2 hesablı qələbə ilə qayıdan fransızlar bu üstünlüyü evdə qorumağa çalışacaqlar.

Hər iki klubun heyətində itkilər var. “Monako”dan Fabio Tavares cəzalı, dortmundlulardan isə Mark Bartra, Mario Götze, Andre Şürle zədə səbəbindən oynaya bilməyəcəklər.
Dünən keçirilən qarşılaşmalarda ilk yarımfinalçılar məlum olub. İki oyunun nəticəsinə görə “Real Madrid” komandası “Bavariya”nı (6:3), “Atletiko Madrid" isə “Lester Siti”ni (2:1) üstələyərək adlarını yarımfinala yazdırıblar.

Xəbər 709 dəfə oxundu.