Rusiyalı qrossmeyster Sergey Karyakin şahmatçı Vüqar Həşimovun məzarını ziyarət edib
Tanınmış şahmatçı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2017” beynəlxalq turnirində iştirak etmək üçün Azərbaycana gələn Dünya Şahmat Tacına iddiaçı, rusiyalı qrossmeyster Sergey Karyakin mərhum şahmatçımızın xatirəsini yad edib.

Sergey Karyakin əvvəlcə ikinci Fəxri xiyabana gələrək görkəmli şahmatçı Vüqar Həşimovun xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əkil qoyub, onunla bağlı xatirələrini bölüşüb.

Sonra Sergey Karyakin Vüqar Həşimov Şahmat Akademiyasına gələrək burada yaradılan şəraitlə tanış olub.

Vüqar Həşimov Şahmat Fondunun prezidenti, Əməkdar Məşqçi Anar Allahverdiyev məlumat verib ki, akademiya 300-dək şahmatçını qəbul etmək iqtidarındadır. Akademiyanın binası iki böyük oyun zalından və dörd tədris otağından ibarətdir. Şahmat Akademiyasında idmanın bu qədim növünün sirlərinin öyrədilməsi üçün hər cür şərait yaradılıb. Dərslər Azərbaycan, rus və ingilis dillərində aparılır.

Sergey Karyakin akademiyada təhsil alan şagirdlərlə xatirə şəkli çəkdirib.

Xəbər 575 dəfə oxundu.