Uşaq-Yeniyetmə Basketbol Liqasına yekun vurulub
“The Club Port Baku”nun basketbol arenasında Uşaq-Yeniyetmə Basketbol Liqasının final oyunları keçirilib.

U-12 yaş qrupunda üçüncü yer uğrunda qarşılaşmada “Fərid” Sabunçu Uşaq-Gənclər İdman Məktəbinin komandasına 41:27 hesabı ilə qalib gəlib. Bu yaş qrupunda məğlubiyyət bilməyən “Gəncə TİM”in basketbolçuları “Təhsil” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) komandasını sınağa çəkiblər. Final qarşılaşmaya daha yaxşı hazırlaşan “Təhsil” rəqibini 37:26 hesabı ilə məğlub edərək birinci yeri tutub.

U-14 yaş qrupunda final qarşılaşması daha maraqlı mübarizə şəraitində keçib. Oyunun ilk iki hissəsində Səbail Uşaq-Gənclər İdman Məktəbinin (UGİM) basketbolçuları böyük üstünlüyə malik olublar. Amma 3-cü hissədə “Təhsil” komandası təşəbbüsü ələ alaraq hesab arasında fərqi minimuma çatdırıb. Sonuncu hissədə daha təcrübəli Səbail UGİM komandası yenidən hesabda önə çıxıb. Rəqibini 61:46 hesabı ilə məğlub edən Səbail UGİM Liqanın çempionu olub. U-14 yaş qrupunda bürünc medallara isə “Sıçrayış” komandası sahib olub.

Sonda mükafatçılara Azərbaycan Basketbol Federasiyasının rəhbərliyi tərəfindən medal, kubok və qiymətli hədiyyələr təqdim olunub.

Xəbər 1546 dəfə oxundu.