Məktəblilərin respublika birinciliyinin Bakı mərhələsi başa çatıb
Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Təhsil, Gənclər və İdman nazirlikləri, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin təşkilatçılığı ilə həyata keçirilən “Olimpiya hərəkatı” proqramı çərçivəsində məktəblilərin respublika birinciliyinin Bakı üzrə rayondaxili mərhələsi başa çatıb.

Proqrama daxil olan beş idman növü - voleybol 2x2, basketbol 3x3, badminton, atletika və velosiped yarışlarında hər rayondan birinci yeri tutan məktəblərin (liseylərin) komandaları finala vəsiqə qazanıblar.

Martın əvvəlindən start götürən rayondaxili mərhələyə Bakıdan 294 məktəb qoşulub. Ümumilikdə Bakı üzrə 12 rayondan 5 idman növü üzrə birinci yeri tutan 60 məktəbin komandaları finalda mübarizə aparmaq hüququ əldə ediblər.

Oyunlar idman növləri üzrə təsdiq edilmiş hakimlər heyəti tərəfindən idarə olunub.

Qaliblər Təşkilat Komitəsinin təsis etdiyi kubok və diplomlarla təltif ediliblər.

“Olimpiya hərəkatı” proqramı bədən tərbiyəsi və idmanın şagirdlər arasında kütləviləşməsi, məktəblərdə sağlam və fəal həyat tərzinin təşviqi, Olimpiya idman irsinin davam etdirilməsi məqsədilə keçirilir.

Yarışlar Bakı ilə yanaşı, Gəncə, Sumqayıt və Göygöldə də təşkil olunur.

Xəbər 508 dəfə oxundu.