Bu gün UEFA Çempionlar Liqasının ilk yarımfinalçıları məlum olacaq
Aprelin 18-də UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin cavab oyunlarına start veriləcək.

“Lester Siti” - “Atletiko Madrid” və “Real Madrid” - “Bavariya” qarşılaşmalarından sonra qitənin ən nüfuzlu klub turnirinin ilk yarımfinalçıları məlum olacaq.

Bir həftə əvvəl səfər matçında “Bavariya” üzərində 2:1 hesablı qələbə “Real Madrid”in yarımfinalda oynamaq şansını artırır. Lakin hər iki komandada itkilər var. Madridlilərin heyətində müdafiəçilər Pepe və Rafel Varan zədə üzündən görüşü buraxmalı olacaqlar. Komandanın əsas oyunçularından olan Qaret Beyl də zədəlidir. Lakin onun oyunda iştirakı hələ sual altındadır. “Bavariya”da Mats Hummels zədəli, Xavi Martinez isə ilk oyunda qırmızı kart aldığına görə oynaya bilməyəcək. Zədə səbəbindən Münxendəki oyunu buraxmalı olan polşalı hücumçu Robert Levandovskinin Madriddə meydana çıxması gözlənilir.

Gecənin maraqlanan qarşılanan digər matçı İngiltərədə “Lester Siti” və “Atletiko Madrid” komandaları arasında oynanılacaq. Madriddə ilk oyunda minimal hesabla (0:1) məğlub olan “tülkülər” cavab qarşılaşmasında növbəti mərhələyə keçmək üçün ən azı iki qol vuraraq qapını toxunulmaz saxlamalıdırlar. İngiltərə çempionu UEFA Çempionlar Liqasında ev oyunlarında məğlubiyyət üzü görməyib.

Cavab qarşılaşmaları Bakı vaxtı ilə saat 22:45–də başlayacaq.

UEFA Çempionlar Liqasının digər yarımfinalçıları isə aprelin 19-da “Barselona” – “Yuventus” və “Monako” – “Borussiya Dortmund” görüşlərinin nəticəsində məlum olacaq. Xatırladaq ki, ilk görüşdə “Barselona” səfərdə 0:3, “Borussiya Dortmund” isə doğma meydanda 2:3 hesabı ilə məğlub olub.

Xəbər 633 dəfə oxundu.