“Neymar Jr’s Five” futbol turnirinin Gəncə və Şəki seçim mərhələlərinə yekun vurulub
“Neymar Jr’s Five” turnirinin ölkəmizin regionları üzrə növbəti seçim mərhələsi Gəncə və Şəki şəhərlərində təşkil olunub.

Gəncə şəhərində keçirilən seçim mərhələsində 32 komanda iştirak edib. Finala “Liverpool” və “Gəncə Dövlət Universiteti” komandaları vəsiqə qazanıblar. Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatdığından qaydalara uyğun olaraq, “Qızıl qol” elan edilib. “Gəncə Dövlət Universiteti” həlledici qolu vuraraq Bakıda keçiriləcək milli finalda oynamaq imkanı qazanıb.

Turnirin təşkilatçıları finalda əzmlə mübarizə aparan “Liverpool” komandasını da Bakı finalına dəvət ediblər.

Şəkidə isə 16 komanda arasında fəal mübarizə nəticəsində “Gənclik” komandası qalib gəlib. Bu komanda da qələbəyə “Qızıl qol” sayəsində nail olub.

Şəki mərhələsinin qalibi “Gənclik” komandasının kapitanı Ramin İsmayılov yarış haqqında təəssüratlarını bildirərək deyib: “Turnir yüksək səviyyədə təşkil olunub. Qələbə qazandığımıza görə çox sevinirik. Bakıda finalda uğurla çıxış edib qalib gəlməyə çalışacağıq. Bunun üçün öz gücümüzə inanırıq”.

Turnirin digər seçim mərhələləri Quba və Bakıda keçiriləcək. Mayın 6-da Bakıda keçiriləcək milli finalda qalib gələcək komanda Neymarın vətəni – Braziliyada həlledici mərhələyə vəsiqə əldə edəcək.

18-25 yaşlı oyunçudan ibarət komandalar arasında keçirilir. Amma bu il ilk dəfə olaraq hər komandada 25 yaşdan yuxarı iki oyunçu çıxış etmək hüququna malikdir.

Müxtəlif ölkələrdə minlərlə komanda seçmə mərhələdə qalib gəlmək üçün mübarizə aparır. Onların məqsədi ölkələrində çempion olub Braziliyada keçiriləcək final yarışlarına bilet qazanmaqdır. Turnirin final yarışları Neymarın vətəni Praya-Qrandidə "Instituto Projeto Neymar Jr" stadionunda keçiriləcək. Neymar bu şəhərdə böyüyüb, turnirin keçirilməsi üçün əsas götürülən futbol növü olan futzal oynamağı burada öyrənib.

Xəbər 587 dəfə oxundu.