Azərbaycan Premyer Liqası: “Qəbələ” Gəncədə “Kəpəz”ə məğlub olaraq xal itirib
Aprelin 16-da futbol üzrə Azərbaycan Premyer Liqasının XXVI turu çərçivəsində növbəti oyun keçirilib.

Günün ilk matçında Gəncə şəhər stadionunda Avropa Liqasına vəsiqə verən dördüncü pillədə yer almağa çalışan “Kəpəz” komandası çempionluq ümidini saxlayan “Qəbələ” ilə qarşılaşıb. Baş hakim Ömər Paşayevin idarə etdiyi oyunun birinci hissəsində hesab açılmayıb.

İkinci hissəyə daha fəal hücumlarla başlayan “Kəpəz” klubu oyunun 70-ci dəqiqəsində hesabı açıb - 1:0. Görüşdə Julien Ebah fərqlənib. Oyunun əsas vaxtına əlavə edilmiş dördüncü dəqiqəsində meydan sahiblərinin heyətində Dario Federiko hesab arasındakı fərqi artırıb. Matç 2:0 hesabı ilə Gəncə komandasının qələbəsi ilə yekunlaşıb.
Beləliklə, “Kəpəz” klubu “Qəbələ”yə qalib gələrək Avroliqaya vəsiqə əldə etmək üçün lazım olan üç xalı qazanıb. “Qəbələ” isə çempionluq mübarizəsində səfərdə vacib xallar itirib.

Günün digər görüşündə Bakının “İnter” və Ağdamın “Qarabağ” klubları qarşılaşacaq. Oyun saat 18:30-da “İnter Arena”da başlayacaq. Ağdam komandası bu oyunda qələbə qazanacağı təqdirdə sona iki tur qalmış Azərbaycan Premyer Liqasında dördüncü çempionluğunu rəsmiləşdirəcək.

Hazırda turnir cədvəlində 53 xalla “Qarabağ” liderlik edir. “Qəbələ” 49 xalla ikinci pillədədir.


Xəbər 588 dəfə oxundu.