“Qəbələ”nin U-12 komandası “İzmir Cup” turnirində mübarizə aparır
Türkiyədə 12 yaşadək futbolçular arasında “İzmir Cup” turnirində növbəti oyunlar keçirilib.

İzmirdəki yarışda mübarizə aparan “Qəbələ”nin U-12 komandası “E” qrupunda “Altay”a (Türkiyə) 0:3 və “Krasnodar”a (Rusiya) 0:1 hesabı ilə uduzub. Son turda “İnegölspor”la (Türkiyə) qarşılaşan “qırmızı-qaralar” Ömər Qurbanovun qolu ilə qalib gəlib – 1:0. Bu qələbə “Qəbələ”nin yüksək yerlər tutması üçün kifayət etməyib. Qrupda 4-cü olan komandamız növbəti mərhələdə 17-32-ci yerlər uğrunda mübarizə aparmalı olub. “Qəbələ” bu mərhələdə “Antalyaspor” (Türkiyə) ilə qarşılaşıb və 4:0 hesablı qələbə qazanıb. Eşqin Əhmədov və Okan Təhməzli hərəyə 2 dəfə fərqləniblər. Kosovonun “El Klassiko” klubunu 3:1 hesabı ilə məğlub edən “qırmızı-qaralar” Murad Musayevin 2, Ömər Qurbanovun 1 qoluna seviniblər. Qrupdakı son rəqib “Gümüşordu” (Türkiyə) olub. Elmir Hüseynli və Okan Təhməzlinin qolları komandamıza 2:1 hesablı qələbə qazandırıb. Ardıcıl 3 qələbə qazanan “Qəbələ” bu qrupda 1-ci yeri tutub.

“Qəbələ” növbəti oyunlarını “Tuzlaspor”, “Hamborn” və “Şiltigeym”ə qarşı keçirəcək.

Xəbər 572 dəfə oxundu.