“Bakı-2017” ilə bağlı nəqliyyat sisteminə aid məlumatlandırmanı Bakı Nəqliyyat Agentliyi edəcək
İslam Həmrəyliyi Oyunları ilə bağlı nəqliyyat sisteminə aid məlumatlandırmanı Bakı Nəqliyyat Agentliyi həyata keçirəcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.

O bildirib ki, 28 gündən sonra paytaxt Bakının ev sahibliyi ilə keçiriləcək “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ilə bağlı nəqliyyat sisteminə aid bütün məlumatlandırma işləri Bakı Nəqliyyat Agentliyi tərəfindən həyata keçiriləcək. Bununla əlaqədar olaraq vətəndaşlardan Oyunlardan əvvəl və Oyunlar zamanı ictimai nəqliyyatın iş rejimi ilə bağlı məlumatlar, avtobus marşrutlarındakı dəyişikliklər, bağlanan yollar və Oyunlarla bağlı bütün nəqliyyat tədbirləri haqqında, o cümlədən “Bakı-2017” İslam Oyunlarının xüsusi hərəkət zolaqları ilə bağlı ən son rəsmi məlumatları əldə etmək üçün Bakı Nəqliyyat Agentliyinin rəsmi informasiya mənbələrinə (Bakı Nəqliyyat Agentliyinin bna.az internet səhifəsi, Bakı Nəqliyyat Agentliyinin facebook səhifəsi, Mətbuat Xidməti), eləcə də “Bakı-2017” internet səhifəsinə (www.baku2017.com) müraciət etmələri xahiş olunur. Bununla yanaşı, oyunlarla bağlı bütün nəqliyyat tədbirləri haqqında ən son məlumatların AvtoRadio (107.7 fm) vasitəsilə də ictimaiyyətə yayılması təmin ediləcək.

M.Ağayevin sözlərinə görə, məlumatlandırma ilə yanaşı Bakı Nəqliyyat Agentliyi IV İslam Həmrəyliyi Oyunları zamanı prioritet hesab etdiyi missiyasına uyğun olaraq yol hərəkəti təhlükəsizliyi məsələləri barədə ictimai məlumatlılığı artırmaq, sürücüləri və piyadaları təhlükəsizlik qaydaları haqqında təlimatlandırmaq üçün maarifləndirmə kampaniyası da həyata keçirəcək.

Xəbər 536 dəfə oxundu.