Həndbolçularımız 3 Türkiyə klubunun hədəfində
Türkiyə Super Liqasının 3 klubu Azərbaycan yığmasının həndbolçularına elçi düşüb. İdman.com.az saytının məlumatına görə, bu barədə məlumatı apasport.az-na milli komandamızın baş məşqçisi Hikmət Abdullayev verib. Onun sözünə görə, yeni mövsümdən millimizin aparıcı oyunçuları – Hüseyn Qafarov, Emin Aydəmirov, Kamran Alxazov və İslam Süleymanov karyeralarını qonşu ölkədə davam etdirə bilərlər:

“Maltada keçirilmiş Çellenc kubokunda uğurlu çıxışımızdan sonra, komandamızın bir neçə həndolçusu xarici klubların diqqət mərkəzinə düşüb. Artıq Türkiyənin 3 klubundan real təkliflər almışıq. İnşallah, bu mövsüm yekunlaşdıqdan sonra 4 oyunçumuz qonşu ölkəyə yollanacaq. Onlarla birbaşa deyil, baxışdan keçdikdən sonra müqavilə imzalanacaq”.

Abdullayev Super Liqa komandalarının adlarının açıqlanmasını hələ məqsədə uyğun saymayıb: “Gəlin, hələ buna tələsməyək. Bütün məsələlər dəqiqləşdikdən sonra klubların adları açıqlanacaq”.
Qeyd edək ki, hazırda “Trabzonspor”da yığmamızın üzvü Sergey Georgevski forma geyinir. Lakin 4 həndbolbolçumuzun bu komandaya getməyəcəkləri dəqiqdir.

Xəbər 1363 dəfə oxundu.