“Əlimizə düşən şanslardan da maksimum yararlandıq”
“Matça ciddi hazırlaşmışdıq. Rəqib turnir cədvəlinə başçılıq etdiyindən, komandamız oyuna məsuliyyətli yanaşırdı və xüsusi köklənmişdi”. İdman.com.az saytının məlumatına görə, bunu “Qəbələ”nin kapitanı Mahir Şükürov deyib. Təcrübəli müdafiəçi klubunun rəsmi saytına Unibank Premyer Liqasının XXIII turunda “Neftçi” üzərində qazandıqları 4:1 hesablı qələbəyə münasibət bildirib:

“Bizim də öz öhdəliyimiz, öz hədəflərimiz var. Buna çatmaq üçün bütün şanslardan istifadə etməli olduğumuzu yaxşı bilirdik. Qarşılaşmaya sürətli başladıq. Əlimizə düşən şanslardan da maksimum yararlandıq. Bizi dəstəkləyən bütün tamaşaçılara təşəkkürümü bildirirəm. Bu qələbəni klubumuzun azarkeşlərinə və rəhbərliyə həsr edirik”.

Şükürov iki gün sonra ölkə kubokunda, ardınca da Premyer Liqada “Qarabağ”la qarşılaşacaq “Qəbələ”nin hər iki matçdan sərfəli nəticələr hədəflədiyini bildirib: “Bu qələbədən sonra arxayınlaşmaq olmaz. Bizi kubok, ardından da Premyer Liqada “Qarabağa”la çətin oyunlar gözləyir. Qarşımıza hər iki oyundan sərfəli nəticələr əldə etməyi məqsəd qoymuşuq. İnanıram ki, məqsədimizə çatacağıq”.

Xəbər 986 dəfə oxundu.