Karate üzrə Azərbaycan millisi Mərakeşdə beynəlxalq turnirdə iştirak edəcək
Azərbaycanın kişi karateçilərdən ibarət əsas milli komandası aprelin 14-16-da Mərakeşin paytaxtı Rabatda Dünya Karate Federasiyasının növbəti “Karate-1” Premyer Liqa turnirində iştirak edəcək.

Nüfuzlu yarışda mübarizə aparacaq milli komandamızın heyətinə səkkiz idmançı daxil edilib. Federasiyanın birinci vitse-prezidenti və milli komandanın baş məşqçisi vəzifəsini icra edən Rəhman Hətəmov heyətdə IV İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək karateçilərə üstünlük verib.

Komandanın böyük məşqçisi Seymur Hüseynovla birgə idmançılarımızdan Firdovsi Fərzəliyev (60 kq), Niyazi Əliyev (67 kq), Tural Ağalarzadə (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev (87 kq) və Asiman Qurbanlı (84 kq-dan yuxarı), həmçinin legionerlərimiz İrina Zaretska (68 kq) və Dorota Balciarova (kata) Mərakeşə yola düşəcəklər.
Bundan başqa, beynəlxalq hakim Cahangir Babayev, media və ictimaiyyətlə işlər üzrə katib Sənan Məhərrəmov da Mərakeşə ezam olunublar.

Beynəlxalq reytinq xalları verən nüfuzlu yarışa 47 ölkədən 547 idmançı qatılacaq.


Xəbər 760 dəfə oxundu.