“Real Madrid” səfərdə “Bavariya”nı məğlub edib
Aprelin 12-də UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin ilk turunun növbəti oyunları keçirilib.

Dörddəbir final mərhələsinin ən maraqla gözlənilən oyunu “Bavariya” və “Real Madrid” klubları arasında olub. İlk hissəni “Bavariya” klubu 1:0 öndə başa vurub. Oyunun 25-ci dəqiqəsində hesabı açan Arturo Vidal birinci hissənin sonlarına yaxın “Real Madrid” klubunun qapısına təyin olunan penaltini dəqiq yerinə yetirə bilməyib.

İspaniya təmsilçisi ikinci hissəyə qolla başlayıb. Oyunun 47-ci dəqiqəsində Kriştiano Ronaldo qonaq komandanın bərabərlik qolunu vurub. Qarşılaşmanın 61-ci dəqiqəsində isə Kriştiano Ronaldoya qarşı kobudluq edən Xavier Martinez qırmızı vərəqə alaraq meydan sahiblərini çətin vəziyyətə salıb. On nəfərlə mübarizə aparan “Bavariya” klubu oyunun 77-ci dəqiqəsində qapısından daha bir qol buraxıb. Kriştiano Ronaldo topu Manuel Noyerin ayaqları arasından tora göndərib. Qarşılaşma 1:2 hesabı ilə Madrid təmsilçisinin xeyrinə başa çatıb.

Turun digər qarşılaşmasında Madridin “Atletiko” klubu doğma meydanda son illərin sürpriz komandası olan “Lester Siti”ni 1:0 hesabı ilə məğlub edib. Oyunun 28-ci dəqiqəsində “Atletiko” klubunun hücumçusu Antuan Qrizman rəqibin qapısına təyin olunan penaltini qola çevirib.

Günün ilk qarşılaşmasında isə Almaniyanın digər təmsilçisi “Borussiya” öz meydanında Fransanın “Monako” klubuna 2:3 hesabi ilə məğlub olub.

Xatırladaq ki, aprelin 11-də keçirilən dörddəbir final mərhələsinin ilk oyununda “Yuventus” komandası doğma meydanda “Barselona”nın qapısından üç cavabsız top keçirib.


Xəbər 797 dəfə oxundu.