Bu gün UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin digər oyunları keçiriləcək
Aprelin 12-də UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin ilk turunun digər görüşləri keçiriləcək.

Gün ərzində üç görüş oynanılacaq. Günün ilk qarşılaşması ötən gün Dortmundda baş verən partlayışla əlaqədar təxirə salınan “Borussiya”-“Monako” oyunu olacaq. Bu matç Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.

Digər oyunlarda isə “Bavariya” (Almaniya) klubu “Real Madrid”i (İspaniya), “Atletiko Madrid” (İspaniya) isə “Lester Siti”ni (İngiltərə) qəbul edəcək. Hər iki oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Bu, “Bavariya” və “Real Madrid” komandalarının indiyədək 23-cü görüşü olacaq. Bundan əvvəlki görüşlərin 11-də “Bavariya”, 9-da isə “Real Madrid” qələbə qazanıb. Münxenlilər doğma meydanda “Real Madrid”i doqquz dəfə məğlub ediblər. İki görüşdə isə heç-heçə qeydə alınıb. Madridlilər sonuncu dəfə üç il əvvəl UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində münxenliləri iki oyunun nəticəsinə görə 5:0 hesabı ilə məğlub ediblər.

Madridin digər təmsilçisi “Atletiko” isə doğma meydanda son illərin süpriz komandası olan “Lester Siti” ilə qarşılacaq. Bu komandalar indiyədək dörd dəfə qarşılaşıblar. Həmin oyunların üçündə madridlilər qələbə qazanıblar. Bir görüş isə heç-heçə başa çatıb. “Atletiko Madrid” 2014-cü və 2016–cı illərdə UEFA Çempionlar Liqasının finalında iştirak etsə də çempionluğun bir addımlığında büdrəyib.

Xatırladaq ki, ötən gün keçirilən oyunda “Yuventus” komandası doğma meydanda “Barselona”nın qapısından üç cavabsız top keçirib.

Xəbər 730 dəfə oxundu.