IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri davam edir
IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirləri çərçivəsində zona yarışları davam etdirilib.

Şəmkir Olimpiya İdman Kompleksində yunan-Roma güləşi, Xaçmaz Olimpiya İdman Kompleksində atletika, Şirvan Olimpiya İdman Kompleksində basketbol, Balakən Olimpiya İdman Kompleksində boks, Masallı Olimpiya İdman Kompleksində cüdo, Salyan Olimpiya İdman Kompleksində stolüstü tennis, Hövsan Olimpiya İdman Kompleksində karate idman növləri üzrə zona yarışları keçirilib.

900-dək məktəbli idmançının qatıldığı yarışların qaliblər diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.

Kütləvi idman tədbirlərinin keçirilməsinin məqsədi IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdir.

Yarışlar ölkənin 76 şəhər və rayonu əhatə olunmaqla altı zona və 11 idman növü - sərbəst güləş, yunan-Roma güləşi, cüdo, taekvando, karate, boks, atletika, stolüstü tennis, basketbol, akrobatika gimnastikası, bədii gimnastika üzrə keçirilir. Kütləvi idman tədbirlərinə altı mindən çox şagirdin qatılması gözlənilir.

Yarışlar aprelin 26-da başa çatacaq.

Xəbər 1542 dəfə oxundu.