Bakıda uşaqlar arasında şahmat üzrə beynəlxalq turnir keçiriləcək
Bu gün Bakıda uşaqlar arasında XVI Beynəlxalq şahmat turnirinə start veriləcək.

Aprelin 14-dək davam edəcək yarışlarda Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan, Fransa, Portuqaliya və Qazaxıstandan 50-dən çox şahmatçı iştirak edəcək.

Azərbaycanın Əməkdar Məşqçisi, turnirin direktoru Gennadi Gelman bildirib ki, İsveçrə sistemi üzrə keçiriləcək turnir 7 turdan ibarət olacaq. Yarış «Gənclik» şahmat klubu, Azərbaycan Şahmat Federasiyası və Azərbaycandakı Fransız İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycanda Frankofoniya həftələri çərçivəsində keçiriləcək.

Yarışın qalibi Parisdə təşkil olunacaq şahmat turnirində iştirak etmək hüququ qazanacaq.

Qaliblər üçün mükafatlar “Bakcell”, “Bestcom” və “McDonalds” tərəfindən təqdim ediləcək.

Xəbər 661 dəfə oxundu.