Futzal üzrə Avropa çempionatı: Azərbaycan millisi Albaniya yığmasını böyük hesabla məğlub edib
Futzal üzrə Avropa çempionatının əsas mərhələsinin qrup oyunları çərçivəsində “B” qrupunda yer alan Azərbaycan milli komandası aprelin 9-da Bakı İdman Sarayında Albaniya yığması ilə qarşılaşıb. Görüşdə millimiz rəqibini 5:0 hesabı ilə məğlub edib.

Baş məşqçi Biro Jadenin rəhbərlik etdiyi komandamızın heyətində qolları Everton Kardozo, Eduardo Mello Borges, Oliveira Viliams De Naskimento, Namiq Məmmədkərimov və Xətai Bağırov vurublar.

Oyunu Kostas Nikolaou (Kipr) və Timo Onatsu (Finlandiya) idarə ediblər.

Qrupdakı digər oyunu – Macarıstan-Bosniya və Herseqovina görüşü 2:2 hesabı ilə başa çatıb.
Xatırladaq ki, milli komandamızın aprelin 8-də Bosniya və Herseqovina kollektivinə qarşı keçirdiyi ilk oyun yığmamızın 5:4 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, turnirdə keçirdiyi iki qarşılaşmada 2 qələbə qazanan komandamızın hesabında altı xal var və qrupda birinci pillədə qərarlaşıb. Macarıstan dörd xalla ikinci, Bosniya və Herseqovina 1 xalla üçüncü, aktivində xal olmayan Albaniya yığması isə sonuncu yerdədir.
Komandamız növbəti oyununu aprelin 11-də Bakı İdman Sarayında Macarıstan seçməsinə qarşı keçirəcək.

Xəbər 561 dəfə oxundu.