Son 4 ildə ən aşağı nəticə
Ötən həftə Serbiya paytaxtı Belqradda Avropa çempionatı keçirilib. Bu mötəbər yarışda hər 3 komandamız iştirak edib. Sevindirici haldır ki, həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşçilərimiz uğurlu nəticə göstəriblər. Güləş federasiyası qitənin ən güclülərinin yarışının olimpiada mərhələsinə düşdüyündən, Balkanlara o qədər güclü heyət çıxarmamışdı. Bu baxımdan, əvvəlki Avropa çempionatları ilə müqayisədə, Serbiyada medalların sayı və əyarı yuxarı olmayıb.

İlk günündə rəqabətə «sərbəstlər»dən Emin Əzizov (66 kq) və Novruz Temrezov (96 kq), qadın güləşçilərimizdən isə Marziget Baqomedova (48 kq) qoşulublar. Ən yaxşı nəticəni Novruz göstərib. O, 5-yer tutub.
Martın 7-də keçirilmiş görüşlərdə xoş xəbər eşidilib. 60 kq-da mübarizə aparan Toğrul Əsgərov Türkiyə, Gürcüstan və Rumıniyadan olan həmkarı üstələyərək, finala adlayıb. Həlledici görüşdə gənc bahadırımız bolqarıstanlı Anatoli Quydeanı məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə çıxıb (5:0, 2:5, 5:1).
Digər sərbəst güləşçimiz Qalib Əliyev (55) uğursuz nəticə göstərib. Qadınların mübarizəsində Fatimə Baqomedova (51 kq) 5-ci yerə çıxıb. Titullu idmançımız Sona Əhmədli (59 kq) xanımlarımızı medalsız qoymayıb. Bürünc mükafat uğrunda görüşdə qitə çempionu belaruslu Nadejda Mixalkovanı üstələyib (6:0, 3:3).

Yarışın 3-cü günündə daha 2 medal qazanılıb. Sərbəst növdə Aleksandr Qostiyev (74 kq), qadın güləşində Nadejda Sementsova (67 kq) həlledici görüşdə qalib gələrək, 3-cü yer tutublar. Titullu idmançımız Yuliya Ratkeviç (55 kq) zəif təsir bağışlayıb. O, Rusiyalı Mariya Qurovaya uduzub (0:1, 1:4).
Olesya Zamula (63 kq) və İlya Xamikoyev (84 kq) elə start görüşündə yarışla vidalaşıblar. Natalya Palamarçuk (72 kq) isə bürünc medal uğrunda mübarizədən məğlub ayrılıb.
Bir günlük səsliklikdən sonra, pəhləvanlarımız martın 10-da keçirilmiş rəqabətdə sükutu yenə pozublar. Bütün görüşlərini qələbə ilə başa vuran yunan-Roma güləşçisi Elçin Əliyev (55 kq), 2-ci dəfə yarışın baş mükafatına sahib çıxıb. Birinci səfər, o bildir, Bakıda təşkil edilmiş qitə çempionatında fərqlənmişdi.

Belqradda diqqət çəkən məqam, onun 1/8 finalda təmsilçisi Roman Amonyana qalib gəlməsidir. Ermənistan təmsilçisi son zamanlar fəallaşmışdı. O, hətta ümumi hesabda 0:4 məğlub olduğu Rövşən Bayramovu 2009-cu ildə Danimarkanın Herninq şəhərində keçirlimiş dünya çempionatında yenmişdi. Bu qələbəni Elçinin komanda yoldaşının qisasını alması kimi də qiymətləndirmək olar.

Ötən il Almaniyanın Dortmund şəhərində keçirilmiş analoji yarışda 84 kq-da bürünc medal qazanmış Şalva Qadabadze, bu dəfə eyni nəticəni 96 kq çəkidə göstərib. Kamran Əliyevlə (60 kq) Məsud Həşimzadə (120 kq) gəldikdə, güləşçilərimiz 3-cü yer uğrunda mübarizədə mükafat əldə etmək şansını qaçırıblar.
İlk gündə olduğu kimi, sonda da bahadırlarımız arenanı medalsız tərk ediblər. Vitali Rəhimov (66 kq), Elvin Mürsəliyev (74 kq) və Saman Təhmasibi (84 kq) etimadı doğrutlmayıblar.

Son 4 ilin göstəricilərinə görə, bu Avropa çempionatında qazanılmız ümumi 2 qızıl və 4 bürünc medal ən zəif zəif nəticə olub. Belə ki, milli komandalarımız Finlandiyanın Tampere şəhərində 2 qızıl, 1 gümüş, 4 bürünc (2008-ci il); Litva paytaxtı Vilnüsdə 5 qızıl, 2 gümüş, 1 bürünc (2009); Bakıda 7 qızıl, 2 gümüş, 1 bürünc (2010); Almaniyanın Dortmund şəhərində 6 qızıl və 7 bürünc əldə ediblər (2011).

Xəbər 1400 dəfə oxundu.