Pirallahı rayonunda şəhid Sarvan Mehralıyevin xatirəsinə həsr olunan futbol turniri keçirilib
Aprelin 7-də Pirallahı rayonunun məktəbliləri arasında “Şəhidlər ölməz, Vətən bölünməz” devizi altında mini futbol turniri keçirilib.

Yarış aprel döyüşlərinin ilk şəhidi, 186 nömrəli tam orta məktəbin məzunu Sarvan Mehralıyevin xatirəsinə həsr olunub.

Yarışda rayonun 186, 168, 243, 231 və 235 nömrəli tam orta məktəblərinin komandaları iştirak ediblər. Gərgin idman mübarizəsi şəraitində keçən turnirdə 186 nömrəli tam orta məktəbin komandası birinci yeri tutub. Qaliblər kubok və fəxri fərmanlarla təltif olunub.

Turnirin qaliblərini təbrik edən rayon icra hakimiyyətinin şöbə müdiri Hikmət Şikarov bildirib ki, son illər Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun ən qüdrətli dövlətinə çevrilib. Bu, özünü həyatımızın hər bir sahəsində, o cümlədən ordu quruculuğunda da əyani şəkildə göstərir. Aprelin 1-dən 2-nə keçən gecə cəbhənin Füzuli istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən Sarvan və qardaşı Namiq Mehralıyevlər gərgin döyüşlərin getdiyi ön mövqelərdə düşmənə qarşı mətanətlə sinə gəriblər. Sarvan həmin döyüşlərdə qəhrəmancasına şəhid olub. S.Mehralıyev göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.

Ölkəmizin bütün bölgələrində olduğu kimi, Pirallahı rayonunda da gənclərin fiziki sağlamlığının diqqət mərkəzində saxlanıldığını qeyd edən H.Şikarov deyib ki, ötən il rayonun idmançıları ölkədaxili birinciliklərdə 20 qızıl, 20 gümüş və 25 bürünc medal qazanıblar. Beynəlxalq yarışlarda isə 5 qızıl, 2 gümüş və 1 bürünc medal əldə edilib. Rayonda, həmçinin gənclərin hərbi vətənpərvərlik ruhunda yetişməsi işi də daim diqqət mərkəzindədir və bu istiqamətdə mühüm işlər görülür.

Digər çıxışlarda da gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, onların fiziki və mənəvi cəhətdən sağlam böyümələri baxımından belə turnirlərin əhəmiyyəti yüksək qiymətləndirilib.

Xəbər 625 dəfə oxundu.