Sabunçu rayonu üzrə “Şahin” hərbi-idman oyunu keçirilib
Sabunçu rayonundakı 148 nömrəli orta məktəbdə “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilib. Yarış rayon icra hakimiyyətinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ), Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının, rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirin açılışında çıxış edən rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev Azərbaycanın hərbi qüdrətindən, Prezidentin ordu quruculuğu siyasətində danışıb, məktəblilərə uğurlar arzulayıb.

BŞGİBİ-nin rəisi Raqif Abbasov aprel döyüşlərində əsgər və zabitlərimizin qəhrəmanlığından söz açıb, hərbi vətənpərvərlik sahəsində görülmüş işlərdən danışıb.
YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abbasquliyeva şagirdlər arasında komanda düşüncə tərzinin təbliğində, onlara vətənpərvərlik hisslərinin aşılanmasında, gələcəyin əsgər və zabitlərinin formalaşmasında “Şahin” hərbi-idman oyununun əhəmiyyətini xüsusi vurğulayıb.

Yarışda birincilik uğrunda rayonun 36 məktəbi mübarizə aparıb. Şagirdlər müxtəlif sınaqlardan keçməklə bacarıqlarını nümayiş etdiriblər. Yarışın yekununda 74, 252 və 148 nömrəli orta məktəblərin komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutublar. Qalib komandalar diplomlarla təltif olunub.

Birinci yerin sahibi 74 nömrəli orta məktəbin komandası Bakı şəhəri üzrə final mərhələsinə vəsiqə qazanıb.

Xəbər 661 dəfə oxundu.