Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin komandası “Sport joys – Regional idman tədbiri”nin qalibi olub
Aprelin 7-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Naxçıvan mərhələsi çərçivəsində bu qədim diyarda “Sport joys – Regional idman tədbiri” keçirilib.

“Domestic Grassroots” proqramı çərçivəsində Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində təşkil olunan tədbirin açılış mərasimində çıxış edən “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Komitəsinin əməkdaşı Ülviyyə Ələkbərova oyunlar barədə geniş məlumat verib.

Naxçıvan güləş məktəbinin yetirməsi, İslam Həmrəyliyi Oyunlarının səfiri Hacı Əliyev gənc idmançıları salamlayıb, onlara gələcək karyeralarında uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov isə çıxışında qonaqları muxtar respublikada aparılan idman siyasəti, keçirilən beynəlxalq və yerli yarışlar haqqında məlumatlandırıb.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının tanıtımı və gənclərin idmana cəlb olunması məqsədi ilə məktəblilər arasında təşkil olunan idman yarışında 5 məktəbdən 100 şagird iştirak edib. 50 qız və 50 oğlan şagirdin mübarizəsində qalib Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin komandası olub.

Onlara təşkilatçılar tərəfindən kubok, diplom və “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə biletlər təqdim olunub.

Əyləncəli və rəngarəng keçən tədbirdə iştirakçılar xoş anlar yaşayıblar.

Xəbər 519 dəfə oxundu.