Zorxana pəhləvanlarımız IV İslam Həmrəyliyi Oyunlarına hazırlığı Xaçmazda davam etdirir
Zorxana üzrə kişilərdən ibarət Azərbaycan milli komandası “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına hazırlığını Xaçmazda davam etdirir.

Xaçmaz Olimpiya İdman Kompleksində təşkil olunan iki həftəlik təlim-məşq toplanışına 16 idmançı cəlb olunub.

Baş məşqçi Ağa-Yusif Qurbanovun rəhbərliyi ilə məşqlər həm fərdi, həm də qrup şəklində həyata keçirilir. Mötəbər turnirə böyük ruh yüksəkliyi ilə hazırlaşan zorxana ustaları yarışdan uğurlu nəticə əldə edəcəklərinə əmindirlər.

Milli komandanın aparıcı üzvlərindən olan Xəyyam Orucov hazırlığın yüksək səviyyədə keçdiyini bildirərək, yığmamızın IV İslam Həmrəyliyi Oyunlarında favorit olduğunu qeyd edib. Zorxana yarışlarında komandamızın ən ciddi rəqibi İran idmançılarıdır.

Xaçmazda keçirilən təlim-məşq toplanışına aprelin 16-sı yekun vurulacaq.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında zorxana yarışları üç gün ərzində “Baku Crystal Hall”da keçiriləcək. Yarışlar kişilərdən ibarət komandaların və idmançıların fərdi mübarizəsindən ibarət olacaq.

Xəbər 1079 dəfə oxundu.