Tailandda ağırlıqqaldırma üzrə dünya birinciliyinə start verilib
Tailandın Banqkok şəhərində keçirilən yeniyetmələr arasında ağırlıqqaldırma üzrə 7-ci dünya birinciliyinə start verilib.

100-ə yaxın ölkədən 445 atletin (197 qız və 248 oğlan) iştirak edəcəyi birincilikdə yığmamızda medallar uğrunda mübarizə aparacaq. Artıq bu gün iki atletimiz körpücük üzərinə çıxıb. 56 kq çəki dərəcəsinin B qrupunda Elməddin Hüseynov və İsmayıl Məmmədov yarışıb.

İsmayıl Məmmədov birdən qaldırma hərəkətində 94 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə 3-cü olub. Təkanla qaldırma hərəkətinə atletimiz 115 kq-ı ram edib və bu hərəkətdə 11-ci yeri tutub. Toplam 209 kq (94+115) nəticə göstərən Məmmədov B qrupunda 6-cı olub.

Elməddin Hüseynov isə birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirməklə, 94 kq-ı ram edib və 6-cı yerə sahib olub. Atletimiz təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. O, bu hərəkətdə 125 kq-ı qaldıraraq bütün rəqiblərini üstələyib. Toplam 219 kq (94+125) nəticə göstərən Hüseynov B qrupunda ümumi sıralamada da 1-ci yeri tutub.

Qeyd edək ki, atletlərimizin hər ikisi ötən il Polşanın Novı Tomısl şəhərində keçirilən yeniyetmələrin Avropa birinciliyində çıxış ediblər. Belə ki, İsmayıl Məmmədov Polşadakı toplam 174 kq (81+93) nəticəsini 35 kq, Elməddin Hüseynov isə 194 kq (84+110) nəticəsini 25 kq Tailandda daha da yaxşılaşdırıb.

Sonda İsmayıl Məmmədov 56 kq çəki dərəcəsinin ümumi sıralamasında 16-cı, Elməddin Hüseynov isə 8-ci yeri tutub.

Xəbər 1183 dəfə oxundu.