İsmayıllıda “Şahin” hərbi idman oyunlarının rayon turu keçirilib
İsmayıllıda ötən ilin aprelində erməni qəsbkarlarına qarşı döyüşlərdə şəhid olan Mikayıl Vahabzadənin xatirəsinə həsr edilən “Şahin” hərbi idman oyunlarının rayon turu keçirilib.

Rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının, gənclər və idman idarəsinin, təhsil şöbəsinin birgə təşkilatçılığı ilə aprelin 5-də İsmayıllıdakı Heydər Əliyev adına mərkəzi meydanda şəhidin anım günü - “Şahin” hərbi idman oyunlarının açılışı izdihamlı keçib.

Ümumtəhsil məktəblərinin hərbi geyimli yuxarı sinif şagirdlərindən ibarət komandaların, min nəfərədək rayon sakininin toplaşdığı mərkəzi meydanda Dövlət himni səsləndirilib, Qarabağ müharibəsində şəhid olan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gənclər və idman idarəsinin rəisi Taleh Salehov, eləcə də digər çıxış edənlər Maçaxı kəndində doğulub boya-başa çatan, Sumqayıt Dövlət Universitetinin məzunu Mikayıl Vahabzadənin qısa, lakin şərəfli həyat yolundan, İsmayıllı gənclərinin aprel döyüşlərində göstərdikləri şücaətdən danışıblar.

Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov tədbirdə çıxış edib. İcra hakimiyyətinin başçısı aprel döyüşlərində ordumuzun şanlı qələbəsindən və bu qələbənin tarixi əhəmiyyətindən, Prezident İlham Əliyevin şəhid ailələrinə qayğısından söz açıb. O, Cocuq Mərcanlının timsalında Böyük Qayıdışın başlanmasından, torpaqlarımızın işğaldan azad ediləcəyi günün heç də uzaq olmadığından danışıb, “Şahin” hərbi idman oyunlarının iştirakçılarına uğurlar arzulayıb.

Şəhid Mikayıl Vahabzadənin dayısı Nəriman Şərifov göstərilən diqqətə görə rayon rəhbərliyinə, tədbir iştirakçılarına minnətdarlığını bildirib.

Tədbirdə aprel döyüşlərində ağır yaralanan Yaşar Ağayev də iştirak edib.

Sonra şəhər 3 nömrəli məktəb-liseyin idman zalında yarışlara start verilib. Yarışlarda 18 komanda mübarizə aparıb. Məktəbli “şahin”lər sıra təlimi, güllə və qumbara atıcılığı, maneələri dəf etmə və s. üzrə güclərini sınayıblar.

Yarışların nəticələrinə görə, Diyallı kənd tam orta məktəbinin “şahin”ləri qalib gəliblər. II yerə şəhər 3 nömrəli məktəb-liseyin, III yerə isə şəhər 7 nömrəli tam orta məktəbin komandaları layiq görülüb.

Qaliblərə rayon gənclər və idman idarəsinin diplom və hədiyyələri təqdim edilib.

Birinci yeri tutan komanda “Şahin”lər hərbi idman oyunlarının zona birinciliyinə vəsiqə qazanıb.

Xəbər 733 dəfə oxundu.